Zelenski: Müharibə noyabra qədər dayandırıla bilər

“Ukraynanın müharibəni payıza - noyabrda ABŞ-də keçiriləcək aralıq seçkilərə qədər başa çatdırmaq şansı var”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Sülhə nə dərəcədə yaxın olduqları barədə suala cavab verən Zelenski bildirib ki, hazırkı məqamla ABŞ-dəki aralıq seçkilər arasında imkan pəncərəsi mövcuddur.

“Sülhə nail olmaq üçün imkan pəncərəsi var. İndi bu pəncərə açıqdır”, - o əlavə edib.

Zelenski qeyd edib ki, ABŞ-nin müharibəni dayandırmaq imkanı var, amma bunun üçün Moskvaya daha güclü təzyiq göstərilməlidir:

“Birləşmiş Ştatlar özü düşündüyündən də güclüdür. Mən həqiqətən belə hesab edirəm. Onlar Putinə təzyiq göstərə, müharibəni dayandıra bilərlər”.

Ukrayna Prezidenti Vaşinqtonu Rusiya rəhbərliyinin ailə üzvlərinə qarşı sanksiyaları sərtləşdirməyə və Kiyevə daha müasir silahlar təqdim etməyə çağırıb: “Yalnız təzyiqin artırılması Moskvanı danışıqlara ciddi yanaşmağa vadar edə bilər”.