Zelenskinin gedişi Budanovu oyundan çıxardı: prezidentlik yolu bağlandı

Kirill Budanovun Vladimir Zelenskinin ofisinin rəhbəri təyin edilməsi onun prezident seçkilərində iştirak imkanını faktiki olaraq aradan qaldırıb və Zelenskiyə loyallığını açıq şəkildə göstərməyə məcbur edib. Sherg.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya güc strukturlarındakı mənbələr məlumat verib.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Budanova ofisinin başçısı olmağı təklif etdiyini, Budanovun isə bu təklifi qəbul etdiyini açıqlayıb.

Mənbənin sözlərinə görə, bu təklif Budanovu çətin vəziyyətə salıb: imtina etsəydi, Zelenskiyə və onun ofisinə hörmətsizlik kimi qiymətləndirilə, bu da karyerasına təsir göstərə bilərdi. Razılaşmaqla isə prezidentliyə namizəd olmaq imkanını itirmiş olur.

Qeyd edilib ki, Budanov artıq uzun müddətdir Ukraynada mümkün prezident seçkiləri ilə bağlı sorğularda yer alır və bu sorğularda Zelenskini xeyli qabaqlayır.

“Əldə olan sərçə göydəki durnadan yaxşıdır… Bu ssenaridə o, Ukraynada zəmanətli şəkildə ikinci şəxsə çevrilir, lakin birinci olmaq ehtimalından məhrum olur”, -deyə mənbə vurğulayıb.

Zelenskinin Budanovu ofisinə daxil etməklə onun potensial elektoratını da öz nəzarətinə aldığı bildirilib.