Rusiya Cənubi Qafqazda mövqelərini itirir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (XKX) bəyanatında bildirilib.
“Tramp Marşrutu” və ya TRIPP layihəsi Rusiyanı Cənubi Qafqazda əsas oyunçu mövqeyindən məhrum edir. Ermənistan-Amerika birgə şirkəti ən azı 49 il ərzində layihənin fəaliyyətini və Ermənistanla Azərbaycan - yaxın keçmişdə baş vermiş müharibə zamanı düşmən olmuş tərəflər arasında kommunikasiya funksiyasını təmin edəcək. Yaxın keçmişə qədər bölgədəki əsas və alternativsiz kommunikator Moskva hesab edilirdi”, - xidmət bildirib.
XKX qeyd edib ki, TRIPP çərçivəsində neft-qaz kəmərlərinin, fiber-optik şəbəkələri, həmçinin Ermənistanın İranla sərhədi boyunca (Mehri) dəmir yolu və avtomobil yolunun yaradılması planlaşdırılır: “Bu dəhliz (Zəngəzur) Çin, Qazaxıstan, Xəzər dənizi hövzəsi, Azərbaycan və Gürcüstandan keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan Transxəzər Marşrutunda vacib bağlantı rolunu oynayacaq”.
Ukrayna kəşfiyyatı Ermənistan liderlərinin məsələ ilə bağlı bəyanatlarına da diqqət çəkib:
“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, layihədə Rusiya iştirakının məsələsi ABŞ və Ermənistan tərəfi tərəfindən müzakirə belə edilməyib.
Ermənistan Baş naziri Nikol Paşinyan da demək olar ki, ultimativ tərzdə Rusiya Dəmir Yollarına müraciət edərək, qısa müddətdə Azərbaycan və Türkiyə sərhədlərinə gedən dağıdılmış yolların bərpasını tələb edib. Əks halda, o bildirib ki, bərpa Ermənistan tərəfindən həyata keçiriləcək və bu, Rusiyanın bölgədə mövcudluğu barədə suallar yaradacaq”.