Ölənlərin 4-ü tələbədir

Qəzanın bəzi məqamları aydınlaşıb

   Türkiyədə Çanaqqalanın Biga əyalətində 5 nəfərin öldüyü qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb. Türkiyə mediasında yer alan xəbərlərdə bildirilir ki, qəzaya uğrayan TIR sürücüsü 48 yaşlı Taha Kurtoğlu ifadəsində bunları söyləyib: “Əsas yola çıxdığım vaxt sol aynadan bir avtomobilin işığını gördüm. Maşını sağa “qaçırmağa” çalışdım, amma avtomobil anidən TIR-a çırpıldı”. 

Qəza Biga-Çanaqqala yolunun 15-ci kilometrində, Balıqlıçeşmə kəndi yaxınlığında baş verib. Çanaqqaladan Bigaya gedən Birkan Gugulun idarə etdiyi avtomobil yanacaqdoldurma məntəqəsindən çıxan TIR-a çırpılıb. TIR da baryerlərə. Avtomobilin yüksək sürətlə hərəkət etdiyi təsbit edilib. Qəzaya uğramış avtomobilin spidometri saatda 230-u göstərirmiş. Avtomobildən geriyə dəmir yığını qalıb. Sürücü ilə birlikdə 5 nəfər də həyatını faciəli şəkildə itirib. Həlak olanlardan 4-ü 20-28 yaşlı gənclərdir. Ölənlərdən  biri Türkiyə İYİ Partiyanın Gümüşçay Bəldə Bələdiyyə Məclisi üzvlərindən birinin oğlu, digərləri isə tələbələrdir.