Ana doğmaca qızını öldürdü


Körpə 12 saat işgəncələrə məruz qalıb

Dəhşətli hadisə ABŞ-ın Kaliforniya ştatında yaşanıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, 3 yaşlı Arely Hernandez Kaliforniyanın San-Jose əyalətində yerləşən kiçik bir kilsənin zirzəmisində ölü tapılıb. Körpənin cəsədi üzərində aparılan tibbi ekspertizanın nəticələri qorxunc reallığı ortaya çıxarıb. Məlum olub ki, körpə 12 saat işgəncələrə məruz qalıb. Körpənin gözlərində, üzündə, boynunda və sinəsində yaralar təsbit edilib. İstintaqın ortaya çıxardığı digər dəhşətli fakt isə körpənin özbəöz doğma anası və babası tərəfindən işgəncəylə öldürülməsidir. İstintaqa ifadə verən əslən El-Salvadordan olan 25 yaşlı ana Claudia Elisa Hernandez “qızım pis ruhların əsarətindəydi. Yuxudan qışqıraraq oyanırdı”, deyib. Yalnız bu səbəbə görə ana körpəsini kilsədə xidmət edən babasının yanına aparıb. Qadının əmisi də orada olub. Ailə üzvləri körpənin “şeytanların əsarətində olduğuna” “inanıblar”. Və körpə üzərində “şeytan çıxartma” ayini düzənləyiblər. Kilsənin zirzəmisində düzənlənən ayin tükürpədicidir. Günümüzdə insanların bu cür ayinlər keçirməsi, həm də 3 yaşlı körpəyə tətbiq etmələri, həqiqətən qandondurucudur. Hadisə barədə bölgə prokurorunun köməkçisi Rebekah Wisenin məhkəməyə təqdim etdiyi istintaq materiallarında məlumat verilir. İstintaq materialında qeyd olunur ki, ana və əmisi körpəni səhər saatlarında kilsəyə aparıb. Kilsənin rahibi olan baba onları qarşılayıb və “ayinə” başlayıb. “Ayin” 12 saat çəkib. Bu zaman ərzində körpəyə işgəncə verilib. Körpəni qusdurmağa çalışıblar, çünki bununla guya içindəki şeytan xaric olunacaqmış. Biri uşağın boynundan, biri qarından, digəri də ayaqlarından tutub. Körpəni o qədər silkələyib, sıxıblar ki, uşağın ağzından qara su gəlib. Bədənində də göylüklər, qaralmalar yaranıb. Hətta körpə huşunu itirib, amma silkələyib oyadıblar və “ayinə” davam ediblər. Gah əllərini körpənin boğazına salıblar, gah boğazını sıxıblar. 12 saat sonra – axşam 18:30 radələrində körpə canını tapşırıb. Qatil ananın 25 il həbs cəzası alacağı ehtimal edilir. Qatil ana həbs edilməzdən öncə isə sosial şəbəkədə utanmadan 45 dəqiqəlik video paylaşıb: “Burada əyləşib özümü kədərli, peşman göstərə bilərəm. Ancaq olanları dəyişdirə bilmərəm. Olan oldu. O artıq burada, mənimlə deyil”, söyləyərək gülümsəyib. Körpəyə işgəncə verildiyi həmin kilsəyə isə polis daha bir körpənin qaçırıldığı məlumatı alındıqdan sonra basqın edib. Deyilənə görə, körpəni qaçıran kilsənin qadın xidmətçilərindən biridir.