Hər dəqiqə hücum gözlənilir

Cütlük qağayıların əlindən rahat yaşaya bilmir

  İnsanların dəniz sahilində sevə-sevə izləyib həzz aldığı qağayılar bəzən yırtıcı quş ola bilir.  Galler bölgəsində yaşayan Dave-Nicki Baker cütlüyü qağayıların hücumlarına məruz qaldıqlarından evdən bayıra çıxa bilmirlər. Cütlük 2 il əvvəl dəniz sahilində ev alıb, sevinə-sevinə yeni mənzillərinə köçüblər. Lakin məskunlaşdıqları ərazinin qağayıların sevimli məkanı olduğunu bilməyiblər. Bir gün səhər damdan sürüşüb düşən qağayı yumurtasını gördükdə isə geri qayıtmaq üçün artıq çox gec olub. Məlum olub ki, evin damında qağayılar davamlı yuva qurur, yumurta qoyurlar.

 Yumurtaları qoruyan qağayılar Dave və Nicki başlarını mənzildən bayıra çıxarar-çıxarmaz onlara hücum edir, xəsarət yetirməyə çalışır və buna nail olurlar. Dimdikləri ilə ev sahiblərini az qala qana boyamağa çalışırlar. Cütlük bəzən mənzilə daxil olmaq üçün əməlli-başlı mücadilə verir. 

Qağayılarla sözün əsl mənasında döyüşməli olurlar.  Evin bağçasında böyük çətir quraşdırıblar, əllərindən əsa əskik olmur. Uşaqları məktəbə yola salanda onları bayır qapısınadək ötürməli olurlar, itlərini gəzdirərkən də özlərini müdafiə etmək məcburiyyətindədirlər. 

Dave Baker yerli idarəçilərdən kömək istəyib: “Bu quşlar təcavüzkardır. Bağçamızda əyləşib dincələ bilmirik. Evi təmir etdirmək üçün usta da tapmırıq. Kimsə bura gəlmək istəmir. Balalarını qorumağa çalışan qağayılar  çox aqressivdirlər. Birisinin yumurtalara zərər vermək istədiyini görsələr, ona hücum çəkirlər. 

Həm də qrup halında. Hətta yoldan ötənlərə də hücum edirlər. Biz onlara zərər vermirik. Çünki birincisi, bu bizim tərzimiz deyil, ikincisi də, onlar dövlət qoruması altındadır, onlara zərər verənlər cərimələnir. Amma bizim də rahat yaşamaq hüququmuz var.  Yerli hökumətdən bu işə bir əncam çəkmələrini istəyirik. Lakin rəsmilər qağayıları insandan üstün tutur”.