Bakıdakı partlayışda xəsarət alan şəxsin son vəziyyəti açıqlandı - YENİLƏNİB + FOTO

Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1978-ci il təvəllüdlü vətəndaş fevralın 2-də saat 01:15 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yerləşdirilib:

“Ona yanıq şoku, üzün, qulaq seyvanının, boynun, sinənin, belin, hər iki yuxarı ətrafın, sol baldırın II, III dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Vəziyyəti ağırdır”.

08:44

Bu gecə saat 00:15 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Oxu.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 kvadratmetr olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hadisə zamanı partlayış dalğasının təsirindən mənzilin bir otağının pəncərə çərçivəsi yerindən çıxıb, yanğın nəticəsində bir ədəd divan və kreslo qismən yanıb, yüksək temperaturdan bir ədəd kondisioner deformasiyaya uğrayıb. Mənzildə kirayəçi kimi yaşayan bir nəfər vətəndaş yanıq xəsarətləri alıb. Partlayış nəticəsində binanın yaxınlığında dayanan iki ədəd minik avtomobilinə ziyan dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.