Artıq ölkəmizdə təxribat törətmək istəyən ekstremist qüvvələr 2 dəfə düşünməli olacaqlar
Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən “Şərq”ə verilən məlumata görə , DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları - 1984-cü il təvəllüdlü Şahmurov Fəxrəddin Hacı oğlu, 1960-cı il təvəllüdlü Muradov Calal Murac oğlu, 1998-ci il təvəllüdlü Babayev Kamran Kamil oğlu və digərlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, Respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri təsbit edilib.
Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.
Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamış, görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınıb.
Fəxrəddin Şahmurov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma) və 281.2 (dövlət əleyhinə çağırışlar məzmunlu materiallar yayma), Calal Muradov və Kamran Babayev isə Cinayət Məcəlləsinin 281.2-ci və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub, həmçinin digər şəxslər istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə kompleks araşdırmalar davam etdirilir.
DTX-nın əməliyyatını şərh edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu “Sherg.az"a açıqlamasında milli təhlükəsizliyin bütün dövlətlər üçün aktual məsələ olduğunu xatırladıb. Onun sözlərinə görə, tarixin indiki mürəkkəb mərhələsində və olduqca həssas region olan Cənubi Qafqazda bu milli vəzifənin öhdəsindən gəlmək böyük əmək və peşəkarlıq tələb edir:
“Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat həyata keçirərək bir qrup cinayətkarı həbs etməsi sıradan bir cinayət hadisəsinin qarşısının alınması deyil. Bunun arxasında Azərbaycanı sevməyən güc mərkəzlərinin olduğu aşkardır. Bu qruplaşmanın planlaşdırdığı təxribatların uğurlu olacağı təqdirdə bənzər cinayətlərin daha da çoxalmasını məqsəd kimi qarşılarında müəyyənləşdirən, Azərbaycanın maraqlarına ciddi şəkildə zərər vurmaq istəyən cinayətkar qruplaşmaların və onların arxasında duran güc qüvvələrin ifşa edilməsidir.
Azərbaycan dövləti əvvəlcədən bənzər təxribatların mümkün ehtimallarını nəzərə alaraq quru və hava sərhədləri ilə bağlı ciddi təhlükəsizlik tədbirləri həyata keçirir. Lakin internet kommunikasiyaları, xüsusən də sosial şəbəkələr xaricdən təşkilatlandırılan qüvvələrin dövlətə qarşı terror, təxribat və digər cinayət formalarını həyata keçirmələri üçün müəyyən imkanlar yaradır. Dövlətə qarşı bu cür təxribat cəhdləri hər zaman olub və bundan sonra da bu cür cəhdlərin olacağı istisna deyil.
Hər nə qədər cəhd olsa da, ekstremist qruplaşmaların Azərbaycanda ictimai asayişi pozmaq və ya hər hansı bir hərəkət etmək imkanları sıfırdan aşağıdır. Hətta bu, qeyri-mümkündür. Kimsə hesab edirsə ki, Azərbaycanın ictimai-siyasi quruluşuna və ya ictimai asayişini, stabilliyini, sabitliyini pozmaq üçün o qrupların adı ilə nə isə edə bilər, çox yanlışlığa yol verir. Təsadüfi deyil ki, zaman-zaman hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində bu cür qruplaşmalar ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilir. Xüsusən də, Dövlət Təhlükəsizlik Xidməti bu işin öhdəsindən layiqincə gəlir”.
H.Babaoğlunun sözlərinə görə, bu cür ekstremist qruplaşmaların və onların arxasında dayanan qüvvələrin məqsədi hansısa bir dövlət qurumuna qarşı cinayət törətmək deyil, ölkədə sabitliyi pozmaq və Azərbaycan dövlətinin imicini ləkələmək, dünyadakı etibarına kölgə salmaqdır:
"Eyni zamanda Azərbaycanın daxilində təhlükəsizlik problemlərinin olduğunu göstərərək ölkə vətəndaşlarında qorxu, xof yaratmaqdan, qələbə əhvali- ruhiyyəmizə zərər gətirmək niyyətindən ibarətdir. DTX-nnn bu əməliyyatı yüksək dəyərləndirilməlidir. Onların bu ifşası bundan sonra ölkəmizdə bənzər təxribatlar törətmək istəyən cinayətkar qruplaşmalara da bir növ xəbərdarlıqdır. DTX-nin professionallığı fonunda artıq ölkəmizdə təxribat törətmək istəyən ekstremist qüvvələr 2 dəfə düşünməli olacaqlar”.