Azərbaycan Bakıda həbsdə olan cinayətkarların cəzasını öz hüquq sisteminin tələblərinə uyğun olaraq verəcək
Məlum olduğu kimi qondarma keçmiş “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan dövlətinə və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb. Erməni hərbi cinayətkarların cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, məhkəmə 15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə işinə baxacaq. 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib. Baş Prokurorluğun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunublar. Təqsirləndirilən şəxslər vəkillə təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
Siyasi şərhçi Azər Qasımov "Sherg.az"a deyib ki, cinayətkarların Azərbaycan dövlətinə və xalqına vurduqları ziyan, gətirdikləri bəlalar göz önündədir. Ekspertin sözlərinə görə, cinayətləri sadalamaqla bitməz:
"Faktların nəticələri barədə təkcə Xocalı soyqırımını göstərmək kifayət edir ki, həbs edilən canilər ömürlük həbs cəzası alsınlar. Onların müdafiəsinə qalxanlar qanında erməni qarışığı olanlardır. Heç bir normal Azərbaycan vətəndaşı soyqırım canilərinin müdafiəsinə qalxmaz. Cani ünsürlərə beynəlxalq dəstəkçilərin meydana çıxması faktı Azərbaycanı maraqlandırmır. Onların nə dedikləri, nə etdikləri dövlətimiz və xalqımız üçün mənasızdır. Azərbaycan dövləti cinayətkarların cəzasını öz hüquq sisteminin tələblərinə uyğun olaraq verəcək. Ümid edirik, onlar ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Kənardan və daxildən cinayətkarlara "vəkillik" edənlərin hay-küyləri özlərinə qalacaq. Bununla onlar yalnız öz başlarını ağrıdacaqlar. Əslində, bu cinayətkarlara nə cür cəza verilsə də, xalqımıza yaşatdıqları qarşısında az qalacaq. Bu qaniçənlərin həbsdə illərlə necə çürüdüyünü görməyincə, xalqımızın ürəyi soyumaz".