Zatulin yenidən tarixi saxtalaşdırır -RƏY

Kreml rusiyalı deputatın erməni lobbisi qarşısında muzdlu nökərçiliyinə hələlik göz yumur
Rusiya Federasiyası Dövlət Dumasının komitə sədrinin birinci müavini Konstantin Zatulin ölkəmizə qarşı ənənəvi iftira və böhtanlarını davam etdirib. Paşinyan iqtidarı tərəfindən Ermənistana girişi qadağan olunan Zatulin rusiyapərəst erməni müxalifətinin və millətçi daşnakların, revanşistlərin rəğbətini qazanmaq üçün qondarma "erməni soyqırımı" ilə 2023-cü ilin sentyabrında ermənilərin Qarabağı tərk etməsi arasında müqayisə və eyniləşdirmə aparıb. O, iddia edib ki, “erməni əhalisinin Dağlıq Qarabağdan kütləvi şəkildə köçürülməsi 1915-ci il erməni soyqırımının davamı idi”. Göründüyü kimi mif yaratmaq, nağıl uydurmaq, tarixi saxtalaşdırmaqda mahir olan ermənilər və onların muzdlu dəstəkçiləri xüsusi canfəşanlıqları ilə diqqət cəlb etməyə çalışırlar.
Politoloq Əlisahib Hüseynov Sherg.az-a açıqlamasında deyib ki, bu cür absurd iddia ilə ancaq Zatulin kimi təxribatçılar çıxış edə bilərlər. Ekspert qeyd edib ki, “Lazarev klubu” ilə birgə təşkil etdiyi dəyirmi masalarda ölkəmiz əleyhinə sərhəd tanımadan yalan və böhtanlar söyləyən qatı şovinist Zatulinin Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini kimi yüksək post tutması sözün açığı, təəccüb doğurur: 
"Bu adam obyektivliyi, tərəfsizliyi, neytrallığı qorumaq əvəzinə Ermənistanın xeyrinə MDB üzvünə, yəni Azərbaycana dayanmadan şər-böhtan atır. Maraqlıdır, məgər Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsinin iş prinsipləri Zatulinin şəxsi maraqları əsasında formalaşdırılır? Yoxsa Rusiyanın dövlət maraqları erməni lobbisinin Zatulinə ödədiyi pulların qarşılığında arxa plana keçir? Zatulin “1995-ci ildə mənim məruzəmə əsasən, Rusiya Federasiyasının Dövlət Duması bu “soyqırımı”nı tanıdı” deyərək bununla fəxr edir. Əslində, bu cür açıqlamaları ilə Kremlin özünü pis vəziyyətdə qoyur və Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə xidmət edir. Rusiyanın dövlət maraqlarını erməni lobbisinin maraqlarına qurban verən Zatulinin Ermənistanda "arzuolunmaz şəxs" elan edilməsi ona verilən ən layiqli qiymətdir. Lakin Kreml Zatulinin erməni lobbisi qarşısında muzdlu nökərçiliyinə hələlik göz yumur. Zatulin isə bu fürsətdən yararlanıb Azərbaycana qarşı toksik ittihamlarını davam etdirir. Lakin ilahi ədalət deyilən anlayış var. Zatulin kimi zəhərli varlıqlar öz kin və saxtakarlıqlarının içində boğulub yox olacaqlar".