ABŞ-də çimdiyi çayda 4 metrlik timsahın hücumuna məruz qalaraq həyatını itirən gənc qadının ölümü ilə bağlı yeni detallar üzə çıxıb. Onun son istəyi isə yaxınlarını və hadisədən xəbər tutanları kövrəldib.
Sherg.az xəbər verir ki, ABŞ-nin Florida ştatında baş verən hadisə təbiətdə gəzintiyə çıxan üç dostun həyatını alt-üst edib.
31 yaşlı tikinti işçisi Britani Klark sevgilisi Çens Ellison və ev yoldaşı Ceyden Hernandeslə birlikdə iyunun 28-də Mərkəzi Floridadakı Little Big Econ State Forest ərazisinə yollanıb.
Dostlar Econlockhatchee çayında çimməyə qərar veriblər. Lakin qısa müddət sonra Klark nəhəng timsahın hücumuna məruz qalıb.
Hadisə şahidlərinin sözlərinə görə, timsah gənc qadına hücum edərək onun qollarından yapışıb və ağır xəsarətlər yetirib.
Sevgilisi Çens Ellison qadını xilas etmək üçün bütün gücü ilə timsahı geri çəkməyə çalışıb. Çay sahilində olan itlər də yırtıcı heyvana qarşı müqavimət göstərsə də, cəhdlər nəticəsiz qalıb.
Ağır yaralanan Britani Klark hadisə yerinə gələn tibb işçilərinin bütün səylərinə baxmayaraq həyatını itirib.
Çens Ellison The New York Post qəzetinə verdiyi açıqlamada Britani Klarkın təcili yardım maşınını gözləyərkən dediyi son sözləri heç vaxt unutmayacağını bildirib.
Onun sözlərinə görə, gənc qadın son nəfəsinə yaxın ondan Alman çoban iti Hokiyə sahib çıxmağı xahiş edib.
“Bu, mənə dediyi son sözlərdən biri idi. Bundan sonra nə dediyini xatırlamıram”, – deyə Ellison bildirib.
Britani Klarkın atası Robert Klark hadisədən qızının ev yoldaşının telefon zəngi vasitəsilə xəbər tutduğunu deyib.
O bildirib ki, zəng zamanı ona qızını həyatda saxlamağa çalışdıqları və təcili tibbi yardımın gəlməsini gözlədikləri bildirilib.
Məlum olub ki, ailə qısa müddət əvvəl 80 yaşlı nənələrini də itirib. Britaninin ölümü ailənin yaşadığı ikinci böyük faciə olub.
Hadisədən sonra Florida Balıq və Vəhşi Təbiətin Mühafizəsi Komissiyasının əməkdaşları ərazidə təxminən 3,6 və 4 metr uzunluğunda iki böyük timsah tutaraq zərərsizləşdiriblər.
Heyvanlardan götürülən DNT nümunələri laboratoriyada araşdırılıb. Təhlillərin nəticəsində təxminən 4 metr uzunluğundakı timsahın Britani Klarka ölümcül hücum edən heyvan olduğu müəyyən edilib.
Məhkəmə-tibbi ekspertləri də qadının bədənindəki diş izlərinin həmin timsaha aid olduğunu təsdiqləyiblər.
Florida Balıq və Vəhşi Təbiətin Mühafizəsi Komissiyası araşdırmaların davam etdiyini və istintaq başa çatdıqdan sonra əlavə məlumat veriləcəyini açıqlayıb.
Araşdırma davam edir.