Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar

  • Polşada 6 nəfərin öldüyü hadisə ilə bağlı dəhşətli detallar üzə çıxdı

Polşanın Krakov şəhərində 6 nəfərin öldüyü, 15 nəfərin yaralandığı silahlı hücumun şübhəlisi ilə bağlı yeni və dəhşətli təfərrüatlar üzə çıxıb. Məlum olub ki, hücumda şübhəli bilinən şəxs hadisədən əvvəl öz ailəsinin üç üzvünü qətlə yetirib.

Sherg.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Krakov şəhərinin mərkəzində baş verib. Avtomobillə şəhər mərkəzinə daxil olan Miçal O. ətrafdakı insanlara atəş açaraq 6 nəfərin ölümünə səbəb olub.

Hücumdan sonra şübhəlinin ailəsinin yaşadığı evdə aparılan axtarış zamanı üç nəfərin meyiti aşkarlanıb.

BBC-nin məlumatına görə, Polşa Polis Baş İdarəsinin mətbuat katibi Andjey Fiyolek Ostrovets-Şventokşiski şəhərindəki evdə tapılan meyitlərin Miçal O.-nun 53 yaşlı atasına, 52 yaşlı anasına və 21 yaşlı bacısına məxsus olduğunu təsdiqləyib.

Rəsmilər ilkin müayinələr zamanı meyitlərdə güllə yaralarının aşkarlandığını bildiriblər. Axtarışların yalnız meyitlərin tapıldığı mənzillə məhdudlaşmadığı, araşdırmaların davam etdiyi qeyd olunub.

Yaralılar arasında xarici ölkə vətəndaşları da var

Malopolska Polis İdarəsinin mətbuat katibi Katarjina Çislo bildirib ki, hücumçu da daxil olmaqla, 16 yaralının xəstəxanalarda müalicəsi davam edir. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Yaralılar arasında iki polis əməkdaşı da var.

Çislo, həmçinin yaralananlardan beşinin Avstriya, Almaniya, Portuqaliya, Rusiya və Böyük Britaniya vətəndaşı olan turistlər olduğunu açıqlayıb.

Hücumla bağlı terror işi açılıb

Polşa Milli Prokurorluğu sosial şəbəkələrdə yaydığı açıqlamada Krakovda baş verən hücumla bağlı cinayət işi başladıldığını bildirib.

Qurumun məlumatına görə, araşdırma odlu silahdan istifadə etməklə altı nəfərin qətlə yetirilməsi və aralarında polis əməkdaşlarının da olduğu bir neçə şəxsi öldürməyə cəhd edilməsi faktlarını əhatə edir. Hadisə terror cinayəti kimi araşdırılır.

Polis hücum zamanı yaralanan əməkdaşlardan biri üçün qanvermə çağırışı edib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, baş polis əməkdaşı Yakub Kulik silahlı hücumçu ilə qarşıdurmadan sonra xəstəxanada ölüm-dirim mübarizəsi aparır.

Hadisə necə baş verib?

Polşanın cənubundakı Krakov şəhərinin ən işlək və turistlərin sıx olduğu məkanlarından biri olan Rynek Qlownı meydanında ötən gün yerli vaxtla saat 15:00 radələrində silahlı hücum baş verib.

Avtomobildən ətrafdakı insanlara atəş açılması nəticəsində 5 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada dünyasını dəyişib. Ümumilikdə 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

Polis tərəfindən güllələnərək saxlanılan Miçal O. xəstəxanada əməliyyata alınıb. Vəziyyətinin ağır olduğu bildirilən 24 yaşlı şübhəlinin silah saxlamaq üçün lisenziyasının olduğu və adına iki silahın qeydiyyata alındığı açıqlanıb.

Şübhəlinin atasının da silah saxlamaq icazəsi olduğu və adına 11 silahın qeydiyyata alındığı bildirilib. Həm ata, həm də oğulun əvvəllər polis qeydiyyatında hər hansı cinayət keçmişinin olmadığı qeyd edilib.

Polşanın daxili işlər naziri Marçin Kervinski 24 yaşlı hücumçunun ifrat sağçı ideologiyalara rəğbət bəslədiyini bildirib.

Polşa Prezidenti Karol Navrotski isə hadisə ilə əlaqədar ölkədə iki günlük milli matəm elan edildiyini açıqlayıb.