Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən heyəti daşıyan təyyarənin 23 dekabr tarixində Ankaranın Haymana rayonu yaxınlığında qəzaya uğramasından sonra araşdırmalar davam edir.
Sherg.az xəbər verir ki, Afina mətbuatı qəza zamanı həyatını itirən yunan kabin heyətinin üzvü Maria Pappa ilə bağlı diqqətçəkən detalları gündəmə gətirib.
Yunanıstan mətbuatından "Enikos"un xəbərinə görə, ölkənin aparıcı televiziya kanallarından "ANT1"-ə danışan Pappanın sevgilisi və qardaşı, qəzadan bir gecə əvvəl onunla etdikləri son danışıqdan bəhs ediblər. Qeyd olunub ki, Pappa cəmi bir neçə ay idi ki, yeni aviaşirkətdə çalışmağa başlamışdı.
Pappanın sevgilisi bildirib:
“Qəzadan bir gecə əvvəl danışdıq. Mənə "Səni sevirəm, çatanda danışarıq" dedi. Həyatımın mənası məni tərk etdi və bir daha heç vaxt geri qayıtmayacaq”.
Sevgilisi 2006-cı ildə Yunan aviaşirkətlərindən birində tanış olduqlarını deyərək xatirələrini belə bölüşüb:
“O kabin işçisi idi, mən isə təyyarələrin texniki baxımına cavabdeh idim. Bir neçə dəfə birlikdə uçmuşduq. İşlədiyimiz şirkətdən sonra təxminən 15 şirkət dəyişdi. Bu şirkətə yeni qəbul olunmuşdu və bu, onun ilk uçuşu idi. Maria qorxmazdı. "Bu işdə qorxulacaq heç nə yoxdur, qorxan təyyarəyə minməz’ deyərdi”.
Pappanın qardaşı isə acı bir təsadüfə diqqət çəkərək, analarını da bir neçə həftə əvvəl itirdiklərini bildirib:
“Anamızı yenicə itirmişdik. Onun həyatımda tutduğu yeri ifadə edəcək söz tapmıram. Sən çox şəfqətli, mehriban, yaxşı qəlbli və səxavətli insan idin. Səni sevirəm, balaca mələyim. Anamıza qovuşdun”.