Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi

Türkiyənin Antalya və Adana vilayətlərində meşə yanğınlarına qarşı mübarizə davam edir. Antalyanın Aksu və Kumluca rayonlarında alovlar yaşayış məntəqələrinə yaxınlaşıb.

Sherg.az xəbər verir ki, Aksuda 24 saatdan artıqdır davam edən yanğın güclü külək səbəbindən yenidən şiddətlənib. Alovlar Yeşilkaraman məhəlləsində evlərin sərhədinə qədər çatıb. Ərazidən daha əvvəl 40 ailədən 151 nəfər təxliyə edilib.

Antalya valisi Hulusi Şahin bildirib ki, yanğın bir neçə yaşayış məntəqəsini və təsərrüfat obyektlərini təhdid edib. Bir neçə evə ziyan dəyib, heyvan tələfatı qeydə alınıb. Yanğının yaşayış ərazilərinə təhlükəsi hazırda xeyli azalsa da, söndürmə işləri havadan və qurudan davam etdirilir.

Kumlucada Toptaş məhəlləsində başlayan yanğın isə güclü küləyin təsiri ilə Güzörenə yayılıb. Məhəllənin təxliyəsinə qərar verilib. Vali Şahin burada yanğının enerjisinin azaldığını, təxminən 10 evə ziyan dəydiyini açıqlayıb.

Adananın Kozan rayonunda da iki ayrı nöqtədə yanğınla mübarizə aparılır. Enizçakırı məhəlləsində bir neçə ev yanıb, bir sakinin sözlərinə görə, altı qonşusunun evi də külə çevrilib. Onun uşaqlarının tüstüdən zəhərlənərək xəstəxanaya aparıldığı bildirilib.

Bolu şəhərində isə Kıbrıscık rayonunda başlayan meşə yanğını təxminən 1,5 saatlıq müdaxilədən sonra nəzarətə götürülüb.

Antalya-Isparta avtomobil yolu Aksudakı yanğın səbəbilə bağlanıb, nəqliyyat alternativ yolla həyata keçirilir. Bölgədə həmçinin TOMA-lar da söndürmə çalışmalarına cəlb olunub.