Yanğının səbəbi isə təəccübləndirdi
Çinin şərqindəki Jiangsu əyalətinin Zhangjiagang şəhərində yerləşən 1500 illik Yongqing məbədinin üç mərtəbəli taxta Venchang pavilyonunda yanğın baş verdiyi bildirilib.
Sherg.az xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi ilə hadisə qısa müddətdə nəzarət altına alınıb. Aparılan ilkin araşdırmalara görə, yanğın bir ziyarətçinin tütsü və şamları düzgün istifadə etməməsi nəticəsində baş verib.
Rəsmi şəxslər hadisədə heç bir insan tələfatı olmadığını bildiriblər. Yanğından təsirlənmiş pavilyonun 2009-cu ildə inşa edildiyi və içində mədəni irs əhəmiyyətli əsərlərin olmadığı qeyd olunub. Həmçinin yanğından məsul olan şəxslər barədə hüquqi tədbirlər görüləcəyi və mümkün riskləri aradan qaldıracaq əlavə tədbirlərin həyata keçiriləcəyi bildirilib.