2005-ci ildən bəri pilotların qəsdən törətdiyi hərəkətlər nəticəsində dünyada ən azı 800 nəfər həyatını itirib.
Sherg.az xəbər verir ki, "The Wall Street Journal"na görə, pilotların qəsdən törətdiyi qəzalardan bəziləri aviasiya təhlükəsizliyi üçün ciddi təhdid olaraq qalır.
Belə hadisələrə 2014-cü ildə “Malaysia Airlines” təyyarəsinin itməsi, 2022-ci ildə “China Eastern” təyyarəsinin qəzaya uğraması və 2025-ci ildə “Air India” təyyarəsinin qəzası daxildir. Lakin bu hadisələrlə bağlı yekun hesabatlar hələ açıqlanmayıb. Rəsmi olaraq təsdiqlənmiş nümunələrdən biri 2015-ci ildə “Germanwings” təyyarəsinin ikinci pilot tərəfindən qəsdən dağlara yönəldilməsi olub.
Bununla yanaşı, son 20 ildə hava nəqliyyatının təhlükəsizliyi ümumilikdə artıb: uçuşların sayı 37 faiz yüksəlib, ölüm halları isə 35 faiz azalıb. Ekspertlər bildirirlər ki, texnologiya və pilot hazırlığı qəsdən törədilən hadisələrin qarşısının alınmasında yalnız müəyyən dərəcədə kömək edir.
Mütəxəssislərin fikrincə, təyyarə kabinəsindəki pilotun qəsdən qəza törətməsi riskinə qarşı yeni təyyarələrin layihələndirilməsi zamanı əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi nəzərdən keçirilir.