Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında Ədliyyə naziri Akın Gürlekin and içmək üçün kürsüyə gəlməsi zamanı CHP-li deputatlar kürsünü işğal edib. İclas zamanı yumruqlu dava baş verib.
Sherg.az xəbər verir ki, Daxili işlər naziri Mustafa Çiftçi və Ədliyyə naziri Akın Gürlek Baş Assambleyada and içiblər. Lakin mərasim öncəsi yaşanan sözlü mübahisə qısa zamanda fiziki qarşıdurmaya çevrilib.
Məclisdə baş verən insident zamanı CHP millət vəkili Mahmut Tanalın burnu qanayıb. Yaralı deputata TBMM-in tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. Onun üz nahiyəsində göyərmələr və burun qanaxması səbəbindən müayinələrinin davam etdiyi bildirilib.
Məlumata görə, iclas gərgin atmosferdə başlayıb. Nazirlərin təyinatından sonra onların and içməsi üçün Baş Assambleyaya gəlmələri planlaşdırılırdı. İclas başlamazdan əvvəl Məclis sədrinin müavini Bekir Bozdağ fraksiya sədr müavinləri ilə görüş keçirib. CHP ilə AK Partiya arasında aksiya keçirilməməsi üçün uzlaşma axtarılsa da, razılıq əldə olunmayıb və CHP etiraz aksiyasını həyata keçirib.
Kürsünün işğalı zamanı Akın Gürlek and içərkən ona Konstitusiya kitabçası atılıb. Kitabçanın CHP-li deputatlar tərəfindən atıldığı iddia olunur.
Qarşıdurma zamanı bir deputatın ayaqqabısının çıxması və zədələnməsi də kameralara əks olunub. Həmçinin iclas zalının döşəməsinin zədələndiyi bildirilib.
Nazirlər and içərək vəzifələrinin icrasına rəsmən başlayıblar. Baş verən insident Məclisin rəsmi protokollarına da daxil edilib.