TikTok-un ən çox izləyicisi olan fenomen saxlanıldı

TikTok-da ən çox izləyici sayına malik olan italyan-seneqallı fenomen Khaby Lame ABŞ Göç İdarəsi (ICE) tərəfindən saxlanılıb. O, Las Veqasda hava limanında miqrasiya qanunlarını pozduğu üçün tutulub.

Sherg.az xəbər verir ki, Seneqalda anadan olub, amma İtaliya vətəndaşı olan Lame 30 aprel tarixində ABŞ-a daxil olub. ICE-nin açıqlamasına görə, o, vizasının müddətini aşıb və ona könüllü çıxış hüququ təklif olunub.

Pandemiya dövründə məşhurlaşan Lame, İtaliyada fabrik işindən çıxarıldıqdan sonra videolar paylaşmağa başlamışdı. Ən çox danışmadan çəkdiyi, sadə, lakin təsirli videoları ilə tanınır. Hazırda TikTok-da 162 milyondan çox izləyicisi var.