Unudulmuş bir qutudan çıxan ədalət: Yarım əsrlik sirr AYDINLAŞDI

58 il öncə baş verən bir cinayət, minlərlə qapının döyülməsinə və on minlərlə barmaq izinin toplanmasına baxmayaraq həll olunmamışdı. 1967-ci ildə bütün sübutlar toplanmış, lakin yetərli dəlil olmadığı üçün iş bir qutuda saxlanmışdı. Həmin qutu yarım əsr sonra yenidən açıldığında qatilin kimliyi üzə çıxdı.

Sherg.az xəbər verir ki, 1967-ci ilin iyun ayında Louisa Dunne, Bristol şəhərində evində cinsi hücuma məruz qalıb öldürülmüşdü. İki uşaq anası və nənə olan Dunne, həyat yoldaşı ilə birlikdə eyni evdə yaşayırdı və Easton məhəlləsində tanınan bir şəxs idi. Lakin cinayət günü onu görən olmamışdı. Polis araşdırmasında, evin arxa bağçasına baxan pəncərədə tapılan bir ovuc içi izi xaricində heç bir ipucu əldə olunmamışdı. 8 min qapının döyüldüyü, 19 min kişinin barmaq izinin götürüldüyü genişmiqyaslı araşdırmaya baxmayaraq heç bir nəticə əldə edilmədi və iş uzun illər rafa qoyuldu.

Modern üsullarla sübutların araşdırılması

Louisa Dunneın ölüm xəbəri yaxınlarını dərindən sarsıtmışdı. İş uzun illər nəticəsiz qaldığı üçün araşdırma dayandırıldı və ailə üçün ədalət gözləməsi sakitliyə çevrildi. 2003-cü ildə Avon və Somerset Polis İdarəsində işləyən polis əməkdaşı Jo Smith, unudulmuş və toz basmış bir qutuya rast gəldi. Qutuda 1967-ci ildən qalmış və hələ modern DNA texnologiyası ilə araşdırılmamış sübutlar var idi. Smith sübutları yenidən paketləndirib hüquq laboratoriyasına göndərdi, bu qərar araşdırmanın taleyini dəyişdi.

DNA nəticəsi və cinayətin açılması

2003-cü ildə başlayan işin nəticəsi 21 il sonra gəldi. 2024-cü ilin avqust ayında hüquq-mühafizə mütəxəssisləri, Dunneın hadisə zamanı geyindiyi paltarlardan tam bir DNA profili çıxarmağa müvəffəq oldular. Bu profil milli DNA bazasında olan bir qeydlə uyğun gəldi. Uyğun gələn şəxs Ryland Headley adlı bir kişi idi. O dövrdə 92 yaşında olan Headley, əvvəllər yaşlı qadınlara qarşı cinsi hücum səbəbindən məhkum edilmişdi.

1967-ci ilə qayıdış və qatilin həbs olunması

DNA uyğunluğu təsdiq edildikdən sonra polis genişmiqyaslı araşdırma apararaq hər hansı səhv ehtimalını istisna etdi. 1967-ci ildə aparılan bütün qapı ziyarətləri, ifadələr və qeydlər yenidən yoxlanıldı. Araşdırmalar göstərdi ki, Headley əvvəlki istintaqda heç bir şübhəli kimi qiymətləndirilməmişdi. Ətraflı araşdırmalardan sonra o, 2024-cü ildə həbs olundu.

Araşdırmalar zamanı yalnız DNA uyğunluğu yox, həm də evdəki pəncərədəki ovuc içi izinin Headleyə aid olduğu təsdiqləndi.

2025-ci ilin iyun ayında Bristol Crown Court məhkəməsində məhkəmə heyyəti Headleyi Louisa Dunnea qarşı cinsi hücum və qətldə günahkar bildi. Məhkəmə Headleyə ömürlük həbs cəzası verdi. Hakim, şübhəlilinin yaşı və cinayətin ağırlığı nəzərə alınaraq cəzanın faktiki olaraq ömürlük olacağını bildirdi.

Louisa Dunneın nəvəsi Mary Dainton açıqlamasında, ailənin uzun illər bu işin həll olunmayacağını düşündüyünü, gec gələn ədalətin ağrını tam olaraq yüngülləşdirməsə də, həqiqətin üzə çıxmasının vacib olduğunu bildirdi.

Əhəmiyyəti

Avon və Somerset polisi, bu işin yalnız bir cinayətlə məhdudlaşmadığını vurğulayıb. Oxşar şəkildə rafa qoyulmuş 130-dan çox “soyuq iş” modern hüquqi üsullarla yenidən araşdırılır. Louisa Dunne işi göstərdi ki, keçmişdə xüsusilə yaşlı qadınlara qarşı cinsi zorakılıqlar yetərincə ciddi qəbul edilmədiyi üçün çoxsaylı cinayətlər illərlə həll olunmadan qalıb. 58 il sonra açılan bu iş, unudulmuş ədalət axtarışlarının da yenidən xatırlanmasına səbəb oldu.