Yasamalda polisə hücum edərək ona xəsarət yetirən qadın cərimə edilib

Yasamal rayonunda polis əməkdaşına müqavimət göstərən qadın barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə həmin şəxs 150 manat məbləğində cərimə olunub.

Teleqraf xəbər verir ki, hadisə qonşular arasında yaranmış mübahisədən sonra baş verib.

Məlumata görə, Gülmirə Bədəlova və ailə üzvlərinin yaşadıqları ünvanda uzun müddət ümumi istifadə üçün nəzərdə tutulmuş keçid sahəsini qanunsuz olaraq zəbt edib, heç bir mülkiyyət hüququ olmadan dəmir darvaza quraşdırıb. Bu səbəbdən bir neçə ailənin sərbəst gediş-gəlişinə qəsdən maneçilik törədib, qonşulara qarşı təhqir, hədə-qorxu və aqressiv davranış sərgiləyib. Zərərçəkənlər bu hallar barədə polisə dəfələrlə müraciət ediblər.

Hadisə yerinə gələn sahə inspektoru Gülmirə Bədəlovanın hücumuna məruz qalıb. İttihama görə, G. Bədəlova polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq ona hücum edib, əlinə xəsarət yetirib və formasını cırıb.

Bu hadisədən sonra G.Bədəlova barəsində protokol tərtib edilib.