ANAMA-nın sədr müavini: Hədəfimiz hər il 65 min ha ərazini təmizləməkdir

Ərazilər təmizlənməli, qiymətləndirmə aparılmalıdır. Noyabr ayında əldə olunmuş razılaşmadan sonra tapılmış minaların əksəriyyətin Ermənistan istehsallı olduğunu gördük. Bundan başqa ərazilərdə gizli minalar və partlayıcı qurğular da quraşdırılmışdı.
Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov Zəngilanda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı çərçivəsində keçirilən Ətraf Mühitin Azaldılması üçün Qlobal İmperativlər Panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bir çox partlayıcılar zərərsizləşdirilib:

“Yaşayış yerlərindən və əkin sahələrindən başqa qəbiristanlıqlarda da basdırılmış minalara və partlamamış sursatlara rast gəlirik. Ehtimal edirik ki, azad olunan ərazilərdə 1 milyondan çox mina hələ də qalmaqdadır. Bu çirklənmə həm təbii ehtiyatlara, həm də su mənbələrinə ziyan vurub. Su ehtiyatlarının təmizlənməsi çətin və uzunmüddətli proseslərdir. Eyni zamanda, mina tələlərinə su kanallarında da rast gəlirik. Münbit torpaqlar uzun müddət istifadəsiz qalıb. Bu hal bir müddət də davam edəcək. Çünki partlamamış sursatlar və minalar nə qədər çıxarılsa da, hələ bölgədə bu təhlükə qalmaqdadır. Su hövzələri yay aylarında quruyarkən orada da plastik minaların basdırıldığının şahidi oluruq. Həmin plastik minalar partlayarkən ətraf mühitə ziyanı uzun müddət qalıcı olur. Tank əleyhinə mina partlayarsa, 29 kq karbon-dioksid tullantısı yaranır ki, bunun da ətraf mühitə böyük mənfi təsiri olur. Biz hətta ağaclarda da mina və partlayıcıların tələ formasında qurulduğuna şahid olduq. Bu hal hətta indi də təkrarlanmaqdadır. Bizim ümumilikdə 3000-dən çox mina qurbanımız var. İnsanlara minaların təsiri günümüzdə də davam edir. Biz hələ də minaların sayının dəqiqləşdirilməsini aparırıq. Bizə verilmiş mina xəritələri dəqiq deyil. Bu sənədlərə əhəmiyyətsiz desək, yanılmarıq.

Statistikaya baxsaq, 44 günlük müharibədən sonra 361 nəfər minaya düşüb. 144 mina hadisəsi təmas xəttindən kənarda baş verib. Bu da o deməkdir ki, işğal zamanı minalar həm keçmiş təmas xəttində, həm də keçmiş yaşayış ərazilərində necə gəldi basdırılıb. Hədəfimiz hər il 65 min hektar ərazini təmizləməkdir. Əməliyyatlarda siçovullardan, eləcə də digər texnikalardan istifadə edirik. Biz hətta minatəmizləyən avadanlığın istehsalına da başlamışıq. Çalışırıq ki, bərpa prosesləri tezləşsin və keçmiş məcburi köçkünlər öz evlərinə qayıtsınlar. Bizə dəstək verən bütün tərəfdaşlarımıza təşəkkürümüzü bildiririk”.

"Sülhün kökləri" təşkilatının təsisçisi Haidi Kühn isə deyib ki, minalardan təmizlənmiş ərazilərdə ağacların əkilməsinə çalışmalıyıq:

“Bizim bununla bağlı başqa ölkələrdə təcrübələrimiz var. Biz sosial mediada dünyada baş verən prosesləri görə bilirik. Bundan başqa, minalardan təmizlənmiş ərazilərdə digər kənd təsərrüfatı məhsulları əkməliyik. Çünki təşkilat olaraq düşünürük ki, torpaqların minalardan təmizlənməsi kifayət deyil, əkini də bərpa etməliyik".

İslam Əməkdaşlıq Təşkilatının komissiya sədri Hacı Əli isə deyib ki, “İlk səfərimizdə işğalçılar tərəfindən törədilən dağıntıları görəndə dəhşətə gəldik”:

“Torpaqların minalardan çirklənməsi bölgədə və regionda təhdid olaraq qalmaqdadır. 1980-ci illərdən bu proses başlayıb. Burada təkcə işğal dövründə deyil, eyni zamanda, işğalçı qoşunlar ərazini tərk edərkən də minalar yerləşdirilib”.