Almaniya Bundestaqı yeni hərbi mükəlləfiyyətin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun 2008-ci ildən sonra və daha sonrakı illərdə doğulan bütün kişilər üçün məcburi hərbi mükəlləfiyyəti nəzərdə tutur. Bununla belə, hərbi xidmətə çağırılma barədə qərar könüllü əsasda qalacaq.
AZƏRTAC “Tagesschau” portalına istinadla xəbər verir ki, bir neçə aylıq müzakirələrdən sonra Bundestaq Almaniya Silahlı Qüvvələrinin (Bundesverin) gücləndirilməsi məqsədilə yeni hərbi mükəlləfiyyət haqqında qanun layihəsini qəbul edib. Qanun silahlı qüvvələrin genişləndirilməsini nəzərdə tutur və bu prosesin ideal variantda könüllülük əsasında həyata keçirilməsi planlaşdırılır. Əgər rekrut çatışmazlığı yaransa, müvafiq qanunvericilik qərarından sonra məcburi xidmət sonradan tətbiq edilə bilər. Qanun layihəsi gəncləri tibbi müayinədən keçməyə məcbur edir və hərbi uçotu bərpa edir.
Hərbi xidmət ən azı altı ay davam edəcək və aylıq minimum 2,6 min avro ödəniş nəzərdə tutulur. Daha uzunmüddətli öhdəliklər (12 ay və daha çox) üçün əlavə güzəştlər tətbiq olunacaq. Gələn ildən 2008-ci ildə və daha sonra doğulan bütün gənclərə şəxsi anket göndəriləcək. Kişilər onu doldurmaqla mütləq öhdəlik daşıyırlar, qadınlar isə seçim hüququna malikdirlər. Bu, Almaniyanın Əsas Qanununda qadınlar üçün hərbi mükəlləfiyyətin nəzərdə tutulmaması ilə izah olunur.
Layihəni Federal Şuranın da təsdiqləməsi tələb olunur və bu məsələ üzrə iclas dekabrın 19-da keçiriləcək. Qanunun 2026-cı ilin yanvarında qüvvəyə minməsi planlaşdırılır. Almaniyada hərbi mükəlləfiyyət 2011-ci ildə dayandırılmışdı.
Qanunun məqsədi 2035-ci ilə qədər fəaliyyətdə olan hərbi qulluqçuların sayını 255–270 min nəfərə çatdırmaqdır. Oktyabrın sonuna olan məlumata görə, hazırda bu rəqəm 184 mindən bir qədər çoxdur. Bundan əlavə, 200 min ehtiyat hərbçinin də əlavə olunması planlaşdırılır.