Mülki sahədən orduya gələn qadınlar üçün optimal mexanizm tətbiq edilir
Qadın hərbçilərlə bağlanan ilkin xidmət müddətinin 3 ildən 6 aya endirilməsini nəzərdə tutan qanun layihəsi bu gün Milli Məclisdə müzakirəyə çıxarılıb. Bildirilib ki, qadınlar müddətli həqiqi hərbi xidmət mərhələsini keçmədən birbaşa peşəkar hərbi xidmətə cəlb olunduqları üçün “hərbi mühit”ə uyğunlaşmada müəyyən çətinliklərlə üzləşirlər. Kişi hərbçilərdə isə bu proses fərqli şəkildə formalaşır. Onlar əvvəlcədən müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə, “hərbi mühit”in tələblərinə rahatlıqla, adaptasiya ola bilirlər. Məhz bu fərqlər nəzərə alınaraq, qadın hərbçilər üçün altı aylıq ilkin xidmət müddəti, hərbi mühitə uyğunlaşmanın mərhələli şəkildə baş tutmasına xidmət edəcək.
Hərbi ekspert Emin Həsənli Sherg.az-a bildirib ki, qadın hərbi qulluqçular üçün ilkin 6 aylıq xidmət modelinin tətbiqi orduda kadr siyasətinin daha çevik və rasional qurulmasına xidmət edir:
“Zabitlər üçün dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 aya qədər azaldılması orduda kadr siyasətinin yenilənməsinin bariz nümunəsi idi. Bu yanaşmanın qadın hərbi qulluqçulara da şamil edilməsi, zamanın obyektiv tələbi kimi qiymətləndirilməlidir. Qadın hərbi qulluqçuların ilk mərhələdə birbaşa 3 illik müqavilə altına girməsi məqsədəuyğun hesab edilmir. Altı aylıq sınaq müddəti həm hərbi qulluqçuya öz imkanlarını obyektiv dəyərləndirməyə, həm də komandanlığa işçinin hansı sahədə daha səmərəli fəaliyyət göstərə biləcəyini müəyyənləşdirməyə imkan yaradır”.
E. Həsənlinin sözlərinə görə, xüsusilə mülki sahələrdən orduya cəlb olunan qadın mütəxəssislər üçün bu mexanizm daha optimaldır:
“Həkim, psixoloq, rabitə və tibbi təminat sahələrindən orduya gələn qadınlar üçün 6 aylıq xidmət müddəti onların peşə bacarıqlarının və fiziki-psixoloji hazırlığının qiymətləndirilməsi baxımından kifayət edir. Bu dövrü uğurla başa vuran qadınlar qarşılıqlı razılıq əsasında uzunmüddətli müqavilə bağlaya, ya da fərqli qərar verə bilərlər. Bu yanaşma orduda kadr sabitliyini gücləndirməklə yanaşı, təsadüfi kadr axınının da qarşısını alır”.
Aybəniz Səfərova