İran müharibəyə hazırlaşır: “Çox ciddi tədbirlər gördük”

İran ordusunun Quru Qoşunlarının komandanı Əli Cahanşahi mümkün müharibənin yenidən başlanması ehtimalına qarşı sərhədlərə yerləşdirilən 50-dən çox döyüş və dəstək bölməsinin fəaliyyətini davam etdirdiyini bildirib.

Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Cahanşahi İran dövlət televiziyasına açıqlamasında İranla ABŞ arasında davam edən gərginlikdən danışıb.

Komandan 2025-ci ilin iyununda baş vermiş müharibədən nəticə çıxararaq “çox ciddi tədbirlər” gördüklərini bildirib. Onun sözlərinə görə, əməliyyat planları yenidən nəzərdən keçirilib, genişmiqyaslı müdafiə tədbirləri həyata keçirilib, səngərlər, tunellər və müdafiə xətləri yaradılıb.

Cahanşahi qeyd edib ki, ABŞ-ın 2026-cı ilin fevralında başladığı hücumlardan əvvəl quru qoşunlarının əməliyyat hazırlığı təmin edilib. Müharibə başlayan kimi mobil, çevik müdaxilə, zirehli və mexanikləşdirilmiş briqadalar, eləcə də artilleriya, raket və pilotsuz uçuş aparatları bölmələri daxil olmaqla 50-dən çox döyüş və dəstək bölməsi ölkənin sərhədlərinə yerləşdirilib.

Komandanın sözlərinə görə, həmin bölmələr İranın şimal-qərb, qərb, cənub-qərb, şərq və cənub-şərq istiqamətlərində yerləşdirilib. Bu müddətdə ağır hərbi texnikadan istifadə edilməklə böyük həcmdə sursat və avadanlıq daşınıb.

Cahanşahi bildirib ki, görülən tədbirlər çəkindirici rol oynayıb və qarşı tərəfin İran ərazisinə daxil olmasının qarşısını alıb.

O, mümkün yeni müharibə vəziyyətinə hazırlıq məqsədilə həmin hərbi bölmələrin hazırda da sərhədlərdə xidmətini davam etdirdiyini vurğulayıb.