İsveçrə ABŞ-dən F-35 qırıcılarının sifarişini azaldacaq

İsveçrə hökuməti ABŞ-dən almağı planlaşdırdığı F-35 qırıcı-bombardmançı təyyarələrinin sayını azaltmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə bu gün Qərb KİV-ləri İsveçrə hökumətinin bəyanatına istinadən məlumat yayıb.

"Xərclərin proqnozlaşdırılan artımı səbəbindən 36 F-35 qırıcısının alınması artıq maliyyə baxımından əsaslı görünmür", - məlumatda qeyd olunub.

İsveçrə hökuməti hələ 2021-ci ildə 7,54 milyard dollara 36 təyyarə almaq qərarına gəlmişdi. Sonradan ABŞ bəyan etmişdi ki, İsveçrə vəziyyəti düzgün başa düşməyib, sifarişin dəyəri isə artıb.

Hökumət Müdafiə Nazirliyinə 7,54 milyard dollara mümkün qədər çox F-35 təyyarəsinin alınması üçün səy göstərməyi tapşırıb. Nazirlər Kabineti izah edib ki, bu təyyarələrin alınması perspektivləri hələ daha yaxşı istiqamətdə dəyişə bilər.