Yaxın gələcəkdə Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq daha da genişlənəcək
Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli iclası keçirilib. Türkiyənin müdafiə naziri Yaşar Gülər əvvəlcə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. O, daha sonra Gürcüstan müdafiə naziri İrakli Çixovani ilə də ikitərəfli görüş keçirib. Görüşlərdə regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi məsələlər müzakirə olunub. Eyni zamanda Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında da görüş olub. İrakli Çikovani deyib ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. O, Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib. Çikovani qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq regionun təhlükəsizliyi və inkişafı üçün əsasdır. O, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə general-polkovnik Zakir Həsənova təşəkkür edib. Nazir Azərbaycanla müdafiə sahəsində ikitərəfli və üçtərəfli formatda əməkdaşlığa diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan tədbirlər uğurla planlaşdırılıb və həyata keçirilib. Söhbət zamanı Azərbaycan hərbçilərinin çoxmillətli birgə hərbi təlimlərdə, eləcə də hərbi təhsil sahəsində planlaşdırılan kurslarda iştirakı məsələsinə də toxunulub.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Sherg.az-a bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin mütəmadi görüşləri regionda sülhün və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir. Polkovnik vurğulayıb ki, Azərbaycan bu istiqamətdə həm qardaş Türkiyə, həm də qonşu Gürcüstanla sıx əməkdaşlıq edir:

"Üç dövlət dəfələrlə birgə təlimlər təşkil edib ki, bu da həm ordularımızın döyüş hazırlığının yüksəldilməsinə, həm də regionda sülhün möhkəmlənməsinə xidmət edib. Müasir dövrdə, qlobal aləmdə təhdid və təhlükələrin artdığını, münaqişə və qarşıdurmaların çoxaldığını nəzərə alsaq, belə həssas məqamda üç dövlət arasında hərbi-siyasi əməkdaşlığın genişləndirilməsi ikiqat faydalıdır. Xatırladaq ki, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin suverenliyin tam bərpası əməliyyatı ilə regional sülhə böyük töhfə verdi. Erməni faşizmini darmadağın etməklə bölgədə sabitliyin, əməkdaşlığın əsasını qoydu. Regionda faşizm təhlükəsini ortadan qaldırdı. Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün daha sağlam zəmin formalaşdı və bunun nəticəsində 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin mətni paraflandı".
C.Xəlilov əlavə edib ki, artıq Cənubi Qafqazda sülh və sabitlik mövcuddur:
"Bununla yanaşı, regionda yenidən gərginlik yaratmaq, qarşıdurmalar formalaşdırmaq istəyən kənar güclər də mövcuddur. Onlar müxtəlif yollarla regionda gərginlik yaratmağa çalışırlar. Məqsəd gərginlik fonunda regionla bağlı maraqlarını yenidən təmin etməkdir. Bu səbəbdən bölgə dövlətlərinin birgə əməkdaşlığı, xüsusən hərbi müttəfiqlik bu kimi təxribat və təhlükələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir. İnanıram ki, yaxın gələcəkdə Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq daha da genişlənəcək, mahiyyət etibarilə yeni mərhələyə yüksələcək. Çünki əməkdaşlığın dərinləşdirilməsi regionda uzunmüddətli, etibarlı sülhün bərqərar olmasına ciddi töhfə verəcək".