Türk orduları birləşir: Regionda sülhün təminatçısı Azərbaycan olacaq

Ədalət Verdiyev: “TDT çərçivəsində hərbi ittifaq artıq zərurətə çevrilib”
Özbəkistanın Səmərqənd vilayətində təşkil olunan “Birlik-2025” birgə regional təlimi çərçivəsində dəyirmi masa və “Əməkdaşlıq memorandumu”nun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, tədbirdə Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənovun və Özbəkistan Milli Təhlükəsizlik və Müdafiə Universiteti rəisinin müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rəisi polkovnik Akmoljon Qodirovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Keçirilən dəyirmi masa zamanı ölkələr arasında hərbi təhsil və elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək perspektivlər müzakirə olunub. Regionda sülhün və təhlükəsizliyin təmin olunmasında elmi biliklərin və müasir hərbi təhsilin rolu, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan nümayəndə heyəti Milli Müdafiə Universitetində tətbiq olunan təhsil sistemi və aparılan islahatlar barədə ətraflı məlumat verib, həmçinin brifinq təqdim olunub.
Təlim çərçivəsində Azərbaycan Milli Müdafiə Universiteti və Özbəkistan Hərbi Təhlükəsizlik və Müdafiə Universiteti arasında “Əməkdaşlıq memorandumu” imzalanıb.
Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında deyib ki, dünyadakı proseslər türk dövlətlərinin birliyinin nə qədər vacib olduğunu göstərir. Bu baxımdan hərbi ekspert Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirdiyini bəyan edib:
 “Azərbaycan Silahlı Qüvvələrinin hərbi-siyasi kursu və müdafiə strategiyası bu gün regionda sülhün və təhlükəsizliyin təminatına yönəlib. Prezident, Ali Baş Komandan İlham Əliyevin “bizim ailəmiz Türk Dövlətləri Təşkilatıdır” fikri həm siyasi, həm iqtisadi, həm də hərbi istiqamətdə strateji yol xəritəsinin əsasını təşkil edir. Azərbaycan bütün istiqamətlərdə - o cümlədən müdafiə sənayesi, hərbi təlimlər, texnoloji yeniliklər və elmi-tədqiqat sahəsində məhz Türk dünyası ilə inteqrasiya xəttini prioritet hesab edir. Son illərdə TDT çərçivəsində keçirilən birgə təlimlər və görüşlər göstərir ki, üzv ölkələr arasında qarşılıqlı etimad, ortaq maraqlar və təhlükəsizlik məsələlərinə yanaşma eyni mövqedən formalaşır.
Dünyada çox sayda hərbi toqquşmalar və münaqişələr mövcuddur və bu münaqişə ocaqları türk dövlətlərinin sərhədlərindən çox da uzaqda deyil. Onların nəticələri birbaşa və ya dolayı şəkildə regionumuzun təhlükəsizlik mühitinə təsir göstərir. Bu gərginliklər, həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə sabitliyi sarsıda bilər və ölkələrin müdafiə imkanlarını sınaya bilər. Belə bir şəraitdə regional və qlobal təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycanın digər türk dövlətləri ilə birgə çoxtərəfli formatlarda hərbi əməkdaşlıq aparması tamamilə məqsədəuyğundur. Bu əməkdaşlıq yalnız hərbi təlim və strategiyalardan ibarət deyil, həm də ortaq təhlükəsizlik strategiyalarının hazırlanması, qarşılıqlı təcrübə mübadiləsi, hərbi elmi-tədqiqat sahəsində birgə layihələr və yeni müdafiə texnologiyalarının tətbiqini əhatə edir. Nəticədə, belə çoxtərəfli əməkdaşlıq həm regionda sülh və sabitliyin qorunmasına, həm də türk dövlətləri arasında etimad və strateji birliyin möhkəmlənməsinə xidmət edir”.
Ə.Verdiyev qeyd edib ki, hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılması hər iki müttəfiq və dost ölkənin hərbi təhsil müəssisələrinin inkişafına xidmət edir:
 “Bu proses, zabitlərin və hərbi mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, onların peşəkar potensialının genişlənməsinə, hərbi strateji və taktiki sahələrdə yeni yanaşmaların öyrənilməsinə imkan yaradır. Eyni zamanda, bu əməkdaşlıq vasitəsilə hər iki tərəf bir-birindən öyrənir, ortaq təlimlərin və layihələrin təcrübəsini gələcəkdə daha effektiv şəkildə tətbiq edə bilir. Beləliklə, Azərbaycan üçün TDT çərçivəsində hərbi əməkdaşlığın inkişafı həm regional təhlükəsizliyin möhkəmləndirilməsinə, həm də türk dövlətləri arasında güclü strateji birliyin qurulmasına töhfə verir”.
Şəymən Bayramova