- Azərbaycan 44 günlük Vətən müharibəsində müasir texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının hərbi əməliyyatlarda geniş tətbiqi ilə diqqət çəkən ölkələrdən biri olub
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən altı il ötür. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycanın hərbi-siyasi tarixində yeni mərhələnin əsası qoyulub. Bu Zəfər yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də ölkənin hərbi qüdrətinin, siyasi iradəsinin və müdafiə potensialının nümayişi kimi tarixə düşüb. Lakin Qələbədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilən üstünlüyü qorumaq, ordunu yeni təhlükəsizlik reallıqlarına uyğun inkişaf etdirmək idi. Bu baxımdan ötən altı il ərzində ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalıb. Müdafiə sisteminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, peşəkar hərbi kadr hazırlığı və müdafiə sənayesinin inkişafı bu prosesin mühüm tərkib hissələrinə çevrilib.
Müharibədən sonr Azərbaycanın müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Ölkənin yalnız hərbi ehtiyaclarını daxili imkanlar hesabına qarşılamağa deyil, eyni zamanda beynəlxalq müdafiə sənayesi bazarında mövqeyini gücləndirməyə çalışması strateji baxımdan əhəmiyyətlidir.
Digər mühüm məqam isə regional təhlükəsizlik məsələsidir. Azərbaycanın hərbi potensialını gücləndirməsi ilk növbədə əldə olunmuş suverenliyin və ərazi bütövlüyünün qorunmasına xidmət edir. Bununla yanaşı, hərbi gücün artması müharibə ritorikasının gücləndirilməsi kimi deyil, mümkün təhdidlərin qarşısının alınması və sülhün təmin olunması üçün çəkindirici amil kimi qiymətləndirilməlidir.
Göründüyü kimi, Azərbaycanın Zəfərdən sonrakı ordu quruculuğu siyasəti yalnız hərbi imkanların artırılması ilə məhdudlaşmır. Bu, həm də texnoloji müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi potensialın genişləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi strategiyasıdır.

Hərbi ekspert Ramil Məmmədli Sherg.az-a bildirib ki, Azərbaycan Ordusunun inkişafını şərti olaraq müharibədən əvvəlki və sonrakı dövrlərə bölmək olar. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin silah və texnika arsenalı, şəxsi heyətin komplektləşdirilməsi, eləcə də hərbi əməliyyatların aparılması istiqamətində hazırlıq sistemi əsasən hücum xarakterli əməliyyatlara uyğunlaşdırılıb:
" Həmin dövrdə Azərbaycan Ordusunun silah və texnika parkının əsas hissəsinin hücum təyinatlı olması xüsusi olaraq vurğulanırdı.
Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunda bir neçə mərhələdə mühüm islahatlar həyata keçirilib. İlk növbədə, struktur dəyişiklikləri aparılıb ki, bu da Silahlı Qüvvələrin daha çevik, vahid və effektiv fəaliyyət göstərməsinə imkan yaradıb. Quru Qoşunlarının ayrıca struktur kimi formalaşdırılması bu istiqamətdə atılan mühüm addımlardan biri olub.
Bununla yanaşı Azərbaycan pilotsuz uçuş aparatları sinfinə daxil olan, daha doğrusu Azərbaycan ordusunun silahlı qüvvələrinin balansında olan pilotsuz uçuş aparatlarının komplektləşdiyi ayrıca bir struktur formalaşdı.
Hazırda Azərbaycan Ordusunun tərkibində pilotsuz uçuş aparatlarından istifadə üzrə ixtisaslaşmış ayrıca struktur fəaliyyət göstərir. Bununla yanaşı, Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi və döyüş aviasiyasının yenilənməsi istiqamətində də mühüm addımlar atılıb. Bu çərçivədə JF-17 tipli çoxməqsədli döyüş təyyarələrinin satın alınaraq Azərbaycan Ordusunun aviasiya parkına daxil edilməsini xüsusi qeyd etmək olar".
Ramil Məmmədli hava hücumundan müdafiə qüvvələrinin də formalaşdırılması və mövcud imkanlarının yenilənməsini ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasına aid edib.
Ekspertin sözlərinə görə, ordu quruculuğu və hərbi potensialın inkişafı heç vaxt dayanmalı olan proses deyil: "Xüsusilə müasir dünyada hərbi texnologiyalar sürətlə dəyişdiyindən silahlı qüvvələrin daim yenilənməsi və yeni çağırışlara uyğunlaşdırılması zəruridir.
Azərbaycan 44 günlük Vətən müharibəsində müasir texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının hərbi əməliyyatlarda geniş tətbiqi ilə diqqət çəkən ölkələrdən biri olub. Sonrakı dövrdə Ukraynada, eləcə də İran, İsrail və ABŞ arasında baş verən hərbi qarşıdurmada müasir texnologiyaların müharibələrin xarakterinə təsiri bir daha özünü göstərib. Azərbaycan Ordusu müharibə təcrübəsindən və dünyada baş verən hərbi proseslərdən əldə olunan nəticələri nəzərə alaraq öz texnoloji və hərbi potensialını daha da gücləndirməyə çalışır".
Ramil Məmmədli quru qoşunlarının, xüsusilə yerüstü əməliyyatların həyata keçirilməsi üzrə ixtisaslaşmış xüsusi təyinatlı bölmələrin şəxsi heyətinin sayının artırılmasını da ordunun inkişafı istiqamətində atılan addımlardan biri kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, Azərbaycan Ordusunun daha peşəkar və hazırlıqlı şəxsi heyətlə komplektləşdirilməsinə xidmət edir. Ekspert hərbi sənaye sahəsinin inkişafının da ordu quruculuğu ilə paralel aparılan proseslərdən biri olduğunu vurğulayıb: "Hazırda Azərbaycanın müdafiə sənayesi sektoru ordunun tələbatına uyğun müxtəlif hərbi təyinatlı məhsullar istehsal etməklə Silahlı Qüvvələrin gücləndirilməsinə töhfə verir. İstehsal olunan hərbi təyinatlı məhsullar yalnız daxili tələbatın ödənilməsi üçün nəzərdə tutulmur, onların bir qismi ixrac edilir. Azərbaycanın hərbi təyinatlı məhsullarına Asiya, Afrika və Amerika qitələrində də maraq və tələbat var. Bu istiqamətlərdə həyata keçirilən satınalmalar ölkənin müdafiə sənayesi məhsullarının beynəlxalq bazarda tanıdılması və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır".