İdmançılar da darıxır: Məşqlər ev şəraitində davam edir


Koronavirus  pandemiyası, elan edilmiş karantin rejimi hamını evdə qalmağa məcbur edir. Çantasını çiyninə alıb müxtəlif məşqlərə tələsən idmançılar da indi evdədirlər. Zalların qapısı da bağlıdır.

Adətən dəmir-dümür səsindən, az qala, qulaq batan zallar indi tam səssizdir. Bəs, görəsən, həyatlarını idmana həsr edən məşqçilər, idmançılar bu hallara qarşı necə mübarizə aparırlar? Özlərini nə ilə ovudurlar? Bu sualla idman ictimaiyyətinin bir neçə nümayəndəsinə müraciət etdik.

Hakim Hacıyev, kikboksinq üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi, Əməkdar məşqçi:



“Mən həm də Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin məşqçisiyəm. Martın 3-dən etibarən zalımız bağlanıb. Əlbəttə, bu, bütün idmançılar kimi bizə də xoş deyil. Amma mən indiyə kimi nə özüm qanun pozmuşam, nə də tələbələrimi buna çağırmışam. Ona görə də hələlik internet vasitəsilə yetirmələrimə tapşırıqlarımı  verirəm. Bilirəm ki, dediklərimə əməl edirlər. Çünki onlar titullu idmançılardır. Çoxu dünyada, Avropada öz sözünü deyib. Təbii ki, belələri müəllimi yarım sözlə başa düşür, bütün deyilənlərə əməl edirlər”. 

Rəşad Şıxəliyev, “Sərhədçi” Olimpiya-İdman Kompleksinin cüdo bölməsinin məşqçisi:



“Koronavirus  pandemiyası idman aləminə də təsir etdi. Hətta Avropa çempionatları, digər nüfuzlu yarışlar da təxirə salındı. Bunun fonunda zallar da bağlandı. Amma çalışırıq idmanı unutmayaq. Bir proqram tərtib etmişəm. Hər gün həmin  proqrama uyğun tapşırıqlar verirəm. Məncə, məsafə saxlamaqla açıq havada da məşq keçmək mümkündür. Bu, daha effektiv olar”. 

Rəhim Allahverdiyev, “Qızıl əlcək” idman klubunun boks bölməsinin məşqçisi, Əməkdar məşqçi:



“Əlbəttə, dövlətin tapşırıqlarına əməl etmək, o cümlədən evdə qalmaq hər birimizin borcudur. Buna baxmayaraq, “Evdə qal, idmansız qalma!” şüarı altında məşqlərimizi davam etdiririk. Çünki idman təkcə bədənin yox, həm də ruhun tərbiyəsidir. İdmanla məşğul olmalıyıq ki, koronavirusa qarşı mübarizə apara, rəqibi “nokauta” sala bilək”. 

 Fəridə Abıyeva, karate üzrə IV İslam Həmrəyliyi Oyunlarının qalibi:


“Sağlamlığımızı qorumaq üçün həm tapşırığa əməl etmək, həm də idmanla məşğul olmaq lazımdır. Odur ki, formanı saxlamaq, immunitetin zəifləməsinə imkan verməmək üçün evdə məşqlərimizə davam edirik. Mövcud imkanlarla kifayətlənməliyik. Əsas odur ki, süstlüyə təslim olmayaq, hərəkətsiz qalmayaq”. 

Fatimə Alkərimova, üzgüçülük üzrə IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı:



“İndi hovuzlar da bağlandığına görə bizim işimiz daha çətindir. Amma bu, idmansız qalmağımız üçün səbəb deyil. Gündə iki dəfə idmanla məşğul oluram. Yəni ev şəraitində nə etmək mümkündürsə, edirəm. Bundan əlavə, asudə vaxtımı səmərəli keçirmək üçün kitab oxuyur, Koreya dilini öyrənirəm. Ümid edirəm ki, karantin dövrü tez bitəcək və biz yenidən məşqlərimizə başlaya biləcəyik”.