Zeynal Məmmədli: "İdmandan yazanların böyük əksəriyyətinin mövzusu da ancaq futboldur. Axı başqa idman növləri də var"
Virciniya Universitetinin tibb elmləri doktoru Çjen Yan koronavirus xəstəliyinin ağırlaşmasının qabağını almağın yolu haqqında danışıb.
Yan son tədqiqatların nəticələrinə əsasən müntəzəm fiziki məşqlərin koronavirusun səbəb olduğu ağır kəskin tənəffüs sindromunun (SARS) qarşısını almağa kömək edə biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, fiziki aktivlik bədəndə hüceyrədənkənar superoksid dismutaz (EcSOD) adlanan və bədənin müqavimətini artıran güclü antioksidantın emalına səbəb olur: "Xəstəlik zamanı bu antioksidantın bədəndə səviyyəsi azalmağa başlayır, lakin bircə məşqlə belə onu artırmaq olar".
Televiziya cəmiyyətin güzgüsü, ictimai rəyi formalaşdıran əsas qüvvədir. Əfsuslar olsun ki, efirlərimizdə idman proqramlarına, bədən tərbiyəsini təbliğ edən verilişlərə, süjetlərə rast gəlmək olmur. Bu, ciddi problemdir. Səhərdən axşamadək guya insanların taleyinə şərik çıxan, problemlərini həll etməyə çalışan efirlər bir az sağlamlığı düşünsələr nə olar ki?!
Məsələ ilə bağlı "Sherg.az"a danışan media eksperti Zeynal Məmmədli bu işdə məsuliyyətin daha çox ictimai və dövlət televiziyalarının öhdəsinə düşdüyünü deyib:
"Qanunvericiliyə müvafiq olaraq qanuna zidd formada fəaliyyət göstərmədiyi halda özəl televiziyaların işinə müdaxilə etmək olmaz. Amma dövlət televiziyası və ictimai televiziya bu məsələyə diqqət göstərməlidir. Bizdə iki idman kanalının olması çox müsbət haldır. Bunlar "İdman- Azərbaycan" və "CBC- sport"dur. Amma əgər onlar da ancaq futbol matçları yayımlayır, müxtəlif idman yarışlarını təqdim edirlərsə, günah həm də tamaşaçıdadır. Gərək insanlar reaksiya göstərsin ki, televiziya kanalları da öz fəaliyyət istiqamətlərində dəyişikliklər etsinlər".
Z. Məmmədlinin fikrincə, sözügedən problemə təsir edən əsas məqamlardan biri də ixtisaslaşmanın zəif getməsidir:
"Bizdə nəinki təkcə idman, eləcə də, təhsil, səhiyyə jurnalisti də çox azdır. İdmandan yazanların böyük əksəriyyətinin mövzusu da ancaq futboldur. Axı başqa idman növləri də var. Onların da terminologiyasını, nəzəriyyəsini bilmək lazımdır. Düşünürəm ki, idmançılara bir neçə ay jurnalistika kursları keçib onları efirə çıxarmaq daha yaxşı olar".