İtaliyanın "Yuventus" futbol klubu İspaniyanın "Real Madrid" klubuna rəhbərlik edən fransalı Zinəddin Zidana komandanın baş məşqçisi vəzifəsini təklif etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Fransanın "Le10sport" portalı xəbər verib.
Portal bildirir ki, Turin klubunun rəhbərliyi Zidan və "Real Madrid"in prezidenti Florentino Perez arasında klubun inkişafı ilə bağlı yaşanan fikir ayrılıqlarından faydalanmağa çalışacaq.
"Yuventus"un nümayəndələrinin artıq fransalı məşqçi ilə əlaqə qurduğu məlumdur. 47 yaşlı Zidanın "Real"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədər tərtib edilib. Hazırda "Yuventus"a Maurisio Sarri rəhbərlik edir. Onun müqaviləsi 2021/2022 mövsümünün sonuna qədər davam edir.
Xatırladaq ki, Z.Zidanın rəhbərliyi altında "Real Madrid" ardıcıl olaraq üç dəfə Çempionlar Liqasını, İspaniya çempionluğunu, iki dəfə ölkə Super Kubokunu, UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.