AVRO-2020-də qrup mərhələsinin II turunda daha üç oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, B qrupunda tura yekun vurulubsa, C qrupunda hər iki matç baş tutub.
Belçika favoriti olduğu B qrupunda Danimarka ilə görüşüb. Kopenhagendəki matçda hesabı meydan sahibləri açsa da, Roberto Martinesin yetirmələri əzmkar qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib.
C qrupunda öncə autsayderlər, ardınca liderlər meydana çıxıb. Ukrayna millisi Şimali Makedoniya üzərində qələbə ilə ilk xallarını qazanıb.
Niderland isə Avstriya ilə görüşüb. Qələbə qazanan “narıncılar” nəinki 1/8 finala yüksəlib, həm də qrup birinciliyini təmin edib. Onlar 1-ci yeri dəqiqləşən ilk komanda olub.
Bu, Frank de Burun yetirmələrini Bakıya bir addım yaxınlaşdırıb. Niderland 1/8 finalda qarşılaşacağı qrup üçüncüsü olacaq rəqibini yensə, 1/4 final matçını Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, iyunun 16-da start götürən II tur ayın 19-da başa çatacaq.