Peyçinoviç:"Ermənistanın mina xəritələrini Azərbaycana verməsi prioritetdir"

"Bu gün ən əsas məsələ Azərbaycan torpaqlarının minalardan təmizlənməsidir".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın yay sessiyası zamanı sualları cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının minalardan təmizlənməsi üçün mina xəritələrinin Azərbaycana verilməsi prioritet məsələdir: "Avropa Şurası Ermənistanın mina xəritələrini Azərbaycana verməsi və erməni əsirlərin qaytarılmasını alqışlayır. Münaqişə uzun müddət davam etdiyindən azad edilmiş ərazidə çoxlu sayda mina mövcuddur. Onlar aşkarlanmayanadək əhalinin geri qaytarılması mümkün olmayacaq. Ermənistan və Azərbaycanı bu işi davam etdirmək üçün dəstəkləməyə hazırıq".

"Avropa Şurası Azərbaycan və Ermənistan arasında baş verən hərbi münaqişədən sonra Bakıya və Yerevana işçi qrupu göndərib. Bu münaqişə ilə məşğul olmaq ATƏT-in Minsk qrupuna həvalə olunub və Avropa Şurası bu məsələdə Minsk qrupunu bundan sonra da dəstəkləyəcək. Avropa Şurası öz növbəsində münaqişədən sonrakı ərəfədə iki ölkə arasında inamın yaranması və gücləndirilməsi üçün əlindən gələni etməyə hazırdır" - o qeyd edib.