Baş naziri yığma üzvlərinə səsləndi: “Futbolu vətənə qaytarın”


Böyük Britaniyanın baş naziri Boris Conson İngiltərə yığmasını futbol üzrə Avropa çempionatının 1/4 finalında Ukrayna komandası üzərində qələbə münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, hökumət başçısı bu barədə sosial şəbəkədəki hesabında yazıb.

"İngiltərə yığmasının bu axşamkı oyunu möhtəşəmdir. Biz hamımız yarımfinalda sizə azarkeşlik etməyə hazırlaşırıq. Futbolu vətənə qaytarın", - Conson tvitterdə qeyd edib.

Qeyd edək ki, İngiltərə yığması İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda Ukrayna yığması ilə üz-üzə gəlib. Almaniyalı referi Feliks Brıxın idarə etdiyi qarşılaşma britaniyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

İngiltərə yığmasından Harri Keyn, 4-cü və 50-ci dəqiqələrdə dubl edib. Komandanın digər qollarını Harri Maquayr 46-cı, Cordan Henderson 63-cü dəqiqədə vurub.

Beləliklə, İngiltərə yığması iyulun 7-də yarımfinal oyununda Danimarka seçməsi ilə qarşılaşacaq. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.