Futbol üzrə Avropa çempionatının final matçında üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Uembli” stadionunda keçiriləcək oyunda İtaliya millisinin heyətində meydana Canluici Donnarumma, Emerson, Ciorcio Kellini (k), Leonardo Bonuççi, Ciovanni Di Lorenzo, Jorcinyo, Marko Verratti, Nikolo Barella, Federiko Kiesa, Lorenso İnsiqne və Ciro İmmobile çıxacaqlar.
İngiltərə yığmasının start heyətində isə Cordan Pikford, Luk Şou, Harri Makuayr, Con Stons, Kayl Uolker, Kieran Trippier, Deklan Rays, Kalvin Filips, Meyson Maunt, Rahim Sterlinq və Harri Keyn (k) yer alıblar.
Saat 23:00-da başlayacaq qarşılaşmanı niderlandlı Byörn Kuipers idarə edəcək.
Bu komandalar indiyədək 27 dəfə qarşılaşıb. Onların 10-da İtaliya, 8-də isə İngiltərə millisi qalib gəlib. Doqquz oyun heç-heçə başa çatıb. Top nisbəti ingilislərin xeyrinədir – 33:31.
Çempionatda son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb. Apennin təmsilçisi yarımfinalda İspaniyanı (1:1, penalti 4:2) məğlub edərək finala yüksəlib.
“Avro-2020”nin D qrupunda yer alan İngiltərə seçməsi isə Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib (1:0), Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda Ukraynanı (4:0), yarımfinalda isə Danimarka (2:1) millisini mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, İngiltərə millisi yarımfinal mərhələsinə kimi qapısını toxunulmaz saxlayan yeganə komanda idi.
Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.
Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edib. İyunun 12-də Uels-İsveçrə (1:1), 16-da Türkiyə-Uels (0:2), 20-də İsveçrə-Türkiyə (3:1) qarşılaşmaları Bakıda oynanılıb. Çempionatın dörddəbir final mərhələsi çərçivəsində iyulun 3-də Bakıda Uels - Danimarka (0:4) görüşü keçirilib.