"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Romen Bask "paris-normandie.fr" saytına açıqlamasında paytaxt klubuna keçidi barədə danışarkən deyib.
Fransalı yarımmüdafiəçi bildirib ki, "ağ-qaralar"dan gələn təklif onu düşünməyə vadar edib: "Bu barədə baş məşqçi Pol Le Quenlə danışdım. Onun mənimlə bağlı fikrini bilməliydim. Çünki sentyabrda ilk övladımız dünyaya gələcək. Fransa klublarının necə çətin vəziyyətdə olduğunu bilirik. Hiss etdim ki, məni artıq komandada düşünmürlər. Qeyri-müəyyənlik davam edirdi. Yeni mövsümdə klubsuz da qala bilərdim. Bütün bunlar ayrılıq qərarı verməyimə səbəb oldu".
26 yaşlı müdafiəçinin sözlərinə görə, özünü ölkə xaricində sınamaq istəyi də qərarında həlledici olub: "Ötən mövsüm İtaliyanın "Kyevo" klubu ilə danışığımız oldu. Amma yekunda konkret bir şey olmadı. "Neftçi" rəhbərliyi əvvəlcə agentim, ardınca isə mənimlə əlaqə saxladı. Onlar mənə öz layihələrini təqdim etdilər, klubun yaxşı infrastruktura malik olduğunu və bu mövsüm Çempionlar Liqasında pley-offa çıxmaq istədiklərini bildirdilər. Bir az düşünmək lazım gəlsə də, təklif cəlbedici idi. Avropanın o biri ucuna ani qərarla getmirik. Bu barədə ailəmlə çox danışdım, orada oynayan futbolçulardan da məlumat aldım. Sonda bu fürsəti qaçırmamalı olduğum qənaətinə gəldim".
Bir həftədir "Neftçi"nin düşərgəsində olan Bask seçiminə görə peşman olmadığını söyləyib: "Məni çox yaxşı qarşıladılar. Təqdimatdan sonra "Neftçi" üçün vacib transfer olduğumu anladım. Artıq mənzillə təmin olunmuşam. Mənə ən yaxşı şəraiti yaratmaq üçün hər şeyi etdilər. Azarkeşlərdən xeyli sayda xoş mesajlar aldım. Bunun qarşılığını meydanda verməkdən məmnun olacağam".
Futbolçu Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə UEFA Çempionlar Liqasının cavab oyunundan sonra "Neftçi"nin Azərbaycanda çox populyar klub olduğunu anladığını vurğulayıb: "Klubun infrastrukturu məni yaxşı mənada təəccübləndirdi. Burada yaxşı işləmək üçün hər şey var: nahar və şam etdiyimiz yeməkxana, məşq arası dincəlmək üçün otaqlar. Müasir təlim-məşq bazası da inşa edilir. Açığı, bu cür şəraitlə qarşılaşacağımı gözləmirdim".
Bakı haqqında da danışan müdafiəçi buranı kiçik Dubay adlandırıb: "Bakı möhtəşəm şəhərdir. Amma gündüzlər məşq edə bilmirik, çünki hava çox isti olur. Ona görə də axşamlar hazırlıq keçirik. Baş məşqçi ilə ilk ünsiyyətimiz müsbət oldu. O, indiki halda məni müdafiəçi kimi sınamaq istəyir. Hazırda mənim üçün vacib olan klubun inkişafına kömək etməkdir. "Neftçi" 2019-ci ildə 3-cü, 2019 və 2020-ci illərdə 2-ci, bu il isə çempion olub. Nəticələr ildən-ilə yaxşılaşır".
Bask yeni komandasında ən çox dil problemi ilə üzləşə biləcəyindən qorxduğunu qeyd edib: "Məşqçi təlimatlarını Azərbaycan dilində verir. Tərcüməçi bunu əvvəlcə ispan və portuqal dilinə, ardınca isə ingilis dilinə tərcümə edir. Fransız dilli futbolçular isə paltardəyişmə otağında tapşırıqları mənə izah edirlər. İngilis dili kurslarına getməyi düşünürəm (gülür)".
O, "Neftçi"yə pula görə gəlmədiyini bildirib: "Çoxları mənim bu klubla müqavilə bağlamağımı maddi səbəblərlə əlaqələndirir. Amma belə deyil. Pulu düşünsəydim, başqa seçim edərdim. Əlbəttə, "Havr"dakından daha yaxşı qazanıram. Amma astronomik məbləğ deyil. Müqavilə Fransadakı kimi deyil. Burada liqanı çempion kimi başa vurub-vurmamağımızdan, kuboku qazanıb-qazanmamağımızdan asılı olaraq bonuslar verilir. Müvəqqəti avtomobil veriblər. Məsələn, Fransada belə şey yox idi".
Qeyd edək ki, "Neftçi" Romen Baskla 2 illik müqavilə bağlayıb.