İnam var:“Fərid Qayıbov yeni uğurlara nail olacaq”

“Cənab prezident ölkə idmanın himayədarıdır və gərgin iş rejiminə baxmayaraq, idmanı yaxından izləyir. Yeni təyin etdiyi gənclər və idman naziri Fərid Qayıbovu videoformatda qəbul edərkən irad və tövsiyələri də bunun bariz nümunəsidir”.

 Bu sözləri nazirlikdəki yeni təyinat barədə “Sherg.az”a danışan Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev deyib.
O, yeni nazirdən gözləntilərini belə ifadə etdi: 

“İdmanda qazanılan uğurlarla yanaşı, problemləri da dəqiq göstərərək verdiyi tapşırıqlar həm nazirliyin, həm federasiyaların, həm də digər idman təşkilatlarının bundan sonrakı fəaliyyətinə mühüm təsir edəcək. Cənab prezidentin də dediyi kimi, Fərid Qayıbov təkcə Azərbaycan idman ictimaiyyətində deyil, həm də beynəlxalq aləmdə nüfuz qazanmış mütəxəssisdir və uzun illərdir bu sahədə fəaliyyət göstərir. İnanırıq ki, Fərid müəllim ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinin yüksək səviyyədə icrasına nail olmaqla həm idmanın inkişafı, həm də dövlət gənclər siyasətində yeni uğurlara nail olacaq”.