"Neftçi"nin hücumçusu: "Heç bir klubdan təklif almamışam"

"Hər şey yaxşıdır, komandada gözəl əhval-ruhiyyə var".

Bunu "Report"a açıqamasında "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı barədə danışarkən deyib.

27 yaşlı hücumçu məşqlərin yaxşı keçdiyini bildirib: "Oyunlara hazırlıq yüksək səviyyədə gedir. Bilirsiniz ki, ilk yoxlama matçımızı Macarıstanın "Kişvarda" klubuna qarşı keçirdik. Hazırlıq görüşü olsa belə, qələbə qazanmaq istəyirdik. Nəticəyə baxmayaraq, komanda kimi yaxşı oynadığımızı düşünürəm".

Təcrübəli forvard öz hazırlıq səviyyəsinə də toxunub: "Bundan əvvəlki təlim-məşq toplanışlarını normal keçə bilməmişdim. Zədələr imkan verməmişdi. Bu toplanışda isə hər şey mənim üçün normal gedir. Fiziki durumumu yaxşı dəyərləndirirəm. Toplanışın bitməsinə hələ var. O vaxtadək hazır olacağımı, kubok vəçempionat oyunlarına optimal formada çıxacağımı düşünürəm.

Abbasov "Neftçi"nin əsas heyətində möhkəmlənə bilməməsinin səbəbini də açıqlayıb. Futbolçu bunu ideal formada olmaması ilə izah edib: "Mənim işim əvvəlki formamı bərpa edib şansımı gözləməkdir. Hazırda da məhz bununla məşğulam. Futbolda ən əsas amil oyun praktikasıdır. Lazimi qədər oynasam, əvvəlki formamı qaytarmağım çox çəkməz. Heç vaxt sağlam rəqabətdən çəkinməmişəm".

Abbasov "Sumqayıt" və Türkiyənin "Bursaspor" klublarının maraq dairəsində olması ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Mən özüm də bu cür məlumatları saytlardan oxumuşam. Amma elaqe saxlayan və ya təklif göndərən olmayıb".