İslamiada:Azərbaycanın dünya çempionları yarımfinala yüksəliblər

Azərbaycanın iki dünya çempionu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. 
Bu gün turnirə Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start veriblər.
“Report”un məlumatına görə, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Rafiq Hüseynov ikinci görüşündə türkmənistanlı Toyli Orazova 9:0 hesabıyla qalib gələrək dörd ən güclü güləşçi adını hesabına yazdırıb.

Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.

O, 1/4 finalda özbəkistanlı Turabəy Tirkaşevə 0:11 hesabıyla məğlub olub. 

Azərbaycanın daha bir titullu güləşçisi, dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) türkmənistanlı Ümid Durdiyevə 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Eyni çəkidə yarışan Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova dairəvi sistem üzrə keçirilən yarışda türkiyəli Zeynəp Yetgilə 2:3 hesabı ilə uduzub. 

Yunan-Roma güləşi üzrə ikiqat Avropa mükafatçısı Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağa 10:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.