AFFA serbiyalı mütəxəssis Milan Obradoviçin Azərbaycan milli komandasına baş məşqçi təyin olunacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Milli assosiasiyanın mətbuat katibi Elnur Məmmədli "Sherg.az"a açıqlamasında məlumatı təkzib edib.
O, mediada bir çox məşqçilərin adları çəkilməsinə baxmayaraq, amma hazırda heç bir məşqçi ilə rəsmi danışıqlar aparılmadığını bildirib:
"Milli komandanın baş məşqçisinin müəyyən olunması üçün AFFA İcrayə Komitəsi tərəfindən işçi qrupu yaradılıb. İşçi qrupun bu mövzuda 2 iclası keçirilib. Amma sözügedən görüşlərdə ümumiyyətlə hansısa məşqçi adı çəkilməyib. Müzakirələr daha çox növbəti baş məşqçinin hansı kriteryalara malik olması yönündə baş tutub. Gənc və ya təcrübəli olması, gələcək baş məşqçinin qarşısına hansı hədəflər, məqsədlər qoyulmalıdır istiqamətində danışıqlar aparılıb. Yəni hazırda AFFA heç bir məşqçiyə rəsmi təklif göndərməyib".
E.Məmmədli milli komandanın qarşıdakı rəsmi oyununun sentyabr ayına təsadüf etdiyini diqqətə çatdırıb:
"Belə ki, Millətlər Liqasının oyunları sentyabr ayında start götürəcək. Mart ayında FİFA nın yoldaşlıq oyunları üçün nəzərdə tutulan zamandır. Bu baxımdan kifayət qədər zaman var. Tələsik qərar verib, addım atmağa ehtiyac yoxdur".