Kənan Həkimov: Ümid edirəm "Qarabağın" uğursuzluq sindromuna bu axşam son qoyulacaq

Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxacaq.
Ağdam təmsilçisi evdə FCSB (Rumıniya) ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. 
Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, hazırda turnir cədvəlində FCSB 11 xalla 10-cu, "Qarabağ" isə 3 xalla 33-cüdür. 
Avropa Liqası, Liqa mərhələsi, 7-ci tur
21:45. "Qarabağ" (Azərbaycan) - FCSB (Rumıniya)
Hakimlər: Filip Qlova, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (Slovakiya)
Tofiq Bəhramov adına Respublika Stadionu

İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov “Sherg.az”a söyləyib ki, bu oyun "Qarabağ" üçün çox böyük əhəmiyyət daşıyır:

“Komanda Avropa Liqasının liqa mərhələsində sonuncu ev oyununa çıxacaq. Nəzərə alsaq ki, Ağdam təmsilçisinin qrupdan çıxmaq şansı çox azdır o zaman ümumiyyətlə cari mövsüm avrokuboklarda sonuncu ev oyunu olmaq ehtimalı böyükdür. Təəssüf ki, oyuna azarkeş marağı azdır. Ola bilər komandanın bu mövsüm avrokuboklarda uğursuz çıxışı azarkeş sayına da təsir edib. Amma çox istərdim ki, oyunun başlama saatına kimi bilet satışı sürətlənsin. Çətin oyun olacaq. Qurban Qurbanovun Juninyonun gedişindən sonra hücumun sivri ucunda kimə güvənəcəyi maraqlıdır. Düşünürəm ki, böyük ehtimalla Nəriman Axundzadə və Musa Qurbanlı arasında seçim edəcək. Ötən həftə anasını itirən Yassin Benzianın da psixoloji olaraq oyuna köklənmək çətin ola bilər. Digər tərəfdən son çempionat oyununda, Şamaxı ilə görüşdə bir qədər müdafiə xətti zəif təsir bağışladı. Ümid edirəm, bu axşam daha diqqətli olacaqlar. Komanda sonuncu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda iyulda Cəbəllütariq klubu "Linkoln"u məğlub edib. Ümid edirəm bu uğursuz sindroma bu axşam son qoyulacaq. Komandamıza uğurlar!”.