PSJ ilk dəfə Çempionlar Liqasını qazandı

UEFA Çempionlar Liqasında Fransanın PSJ və İtaliyanın "İnter" komandaları arasında final oyunu keçirilib.

Teleqraf xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki "Allianz Arena"da təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.

Rumıniyalı baş hakim İştvan Kovaçın idarə etdiyi görüşdə ilk qolu artıq 12-ci dəqiqədə Əşrəf Hakimi keçmiş komandasının qapısından keçirib. O, qola sevinməyib və əlini qaldıraraq, "İnter" azarkeşlərindən üzr istəyib.

20-ci və 63-cü dəqiqələrdə iyunun 3-də 20 yaşı tamamlanacaq Dezire Due fərqlənərək, "dubl" edib.

73-cü dəqiqədə isə Xviça Kvaratsxeliya təkbətəkdən qol vuraraq, Çempionlar Liqasının finalında fərqlənən gürcü futbolçu kimi adını tarixə yazdırıb.

Matçda son nöqtəni 87-ci dəqiqədə Senni Mayulu qoyub.

Beləliklə, PSJ tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə bu titula dördüncü dəfə yiyələnmək şansını son 3 ildə ikinci, ümumilikdə dördüncü dəfə əldən verib.

PSJ-nin baş məşqçisi Luis Enrike isə futbolçu kimi qazana bilmədiyi Çempionlar Liqasına baş məşqçi kimi ikinci dəfə sahib olub. O, ilk dəfə İspaniya "Barselona"sında ikən 2014/2015 mövsümündə bu titula yiyələnmişdi.