“Ünvan qarışıqlığı dövlətə vaxt və pul itkisi deməkdir. Milli Məkan Sistemi çıxış yolu ola bilər"
“27 noyabr 2008-ci il tarixli Prezident Fərmanı ilə “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” təsdiq edilib. Aradan 18 il keçməsinə baxmayaraq, ünvan məsələsində hələ də ciddi uyğunsuzluqlar mövcuddur”.
“Sherg.az” xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə mütəxəssis, mühəndis Rauf Ağamirzəyev deyib. Ekspertin sözlərinə görə, bir çox dövlət qurumlarının binalarında göstərilən ünvan rəsmi internet səhifələrindəki ünvandan fərqlənir:
“Vətəndaşların mülkiyyət sənədlərində, şəxsiyyət vəsiqələrində, kommunal xidmətlər üzrə abonent məlumatlarında qeyd olunan ünvanlar bir-biri ilə və real vəziyyətlə üst-üstə düşmür. Bu uyğunsuzluqlar həm vətəndaşlar, həm də dövlət qurumları üçün əlavə vaxt itkisinə və idarəetmədə səmərəsizliyə səbəb olur.
Düşünürəm ki, XXI əsrin 2026-cı ilində, rəqəmsal idarəetmə dövründə ünvan məlumatlarının dövlət informasiya sistemləri arasında avtomatik və operativ sinxronlaşdırılması mümkün və zəruridir.
Bu baxımdan son dövrlər gündəmə gələn Milli Məkan Məlumatları Sisteminin qurulması təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Əgər bu sistem vahid ünvan reyestri ilə tam inteqrasiya olunarsa, illərdir mövcud olan bir çox problemlərin köklü həlli mümkün ola bilər”.
Mütəxəssis qeyd edib ki, ünvan sadəcə poçt rekviziti deyil, dövlət xidmətlərinin keyfiyyəti və rəqəmsal idarəetmənin təməl elementidir.