Metronun 2030-cu ilə kimi tikilməsi nəzərdə tutulan 10 stansiyasının yerlərini eşidəndə çox insanda sual yaranır. Niyə mövcud stansiyalar olan yerdə daha biri tikiləcək və yan-yana ikinci stansiya nə üçün lazımdır? “Nizami”, “Sahil”, “Xətai” və “Həzi Aslanov” stansiyalarının yanında olacaq yeni stansiyalara nə ehtiyac var?
Bu haqda izah verən inşaat mühəndisi Azər Axundov yeni stansiyaların, keçidlərin tikintisi barədə ətraflı məlumat verib: 
- Mövcud stansiyalarla yanaşı daha bir neçəsinin tikilməsinə səbəb həmin stansiyaların keçid stansiyaları olmasıdır. Keçid stansiyaları metronun bir xəttindən digər xəttinə keçmək üçün lazım olan stansiyalardır. Bu stansiyalar xətlərin bir-birinin yanından keçdiyi hissələrdə tikilir və tamamilə ayrı stansiyalardır. Bakı metropolitenində hazırda 4 keçid stansiyası var. Bunlardan ikisi “Memar Əcəmi”də bənövşəyi və yaşıl xətlər arası keçid üçün olan stansiyalardır. Digər ikisi isə qırmızı və yaşıl xətlər arası keçid etmək üçün olan “28 May” və “Cəfər Cabbarlı” stansiyalarıdır. Bakı Metropolitenin inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulan yeni plana əsasən B5 stansiyası Nizami stansiyasına (bənövşəyi və yaşıl xətlər arası keçid), B6A stansiyası Sahil stansiyasına (bənövşəyi və qırmızı xətlər arası keçid), B7 stansiyası Xətai stansiyasına (bənövşəyi və yaşıl xətlər arası keçid), Y17 stansiyası isə Həzi Aslanov stansiyasına (yaşıl və qırmızı xətlər arası keçid) keçid olaraq tikiləcək. İkinci çıxışlar artıq olmayacaq, keçid elə ikinci çıxış rolunu oynayacaq. Yəni “Sahil”, “Xətai” və “Nizami” avtomatik ikinci çıxışı əldə edəcək. Bir dənə “İçərişəhər” stansiyası qalacaq tək çıxışla.
A.Axundov bildirib ki, metro tkintisi ağır gedişlidir, çünki bu zaman inşaat çətin geoloji şəraitdə aparılır:
- Amma maliyyə stabil ayrılanda mümkündür. Bu dəfə kredit götürülməlidir, ona görə də yeni stansiyaların inkişaf planına uyğun, nəzərdə tutulan vaxtda tikilib istismara verilməsi real görünür. “Dərnəgül” ilə “Ulduz” və ya “Koroğlu” stansiyalarının birləşdirilməsi isə deyəsən, 2030-cu ildən sonraya saxlanılır. Məncə, 2030-dan sonra yaşıl xəttin dairəvi olması istiqamətində addımlar atılacaq. “Dərnəgül-Ulduz” planı isə ümumiyyətlə yoxdur. “Dərnəgül-Koroğlu” artıq 2030-cu ildən sonra olacaq .