Bakı tıxaclara görə milyonlarla manat itirir, amma zərəri hesablayan yoxdur - Mütəxəssis

  • Eyni zamanda, itirilən insan-saatları, əlavə yanacaq sərfiyyatı və iqtisadi zərər ölçülməli, nəticələr açıq rəqəmsal xəritə və statistik paneldə yayımlanmalıdır

Tıxaclar təkcə əsəb, stress, gecikmə və saatlarla yolda qalmaq demək deyil. Onlar insanların vaxtını almaqla yanaşı, iqtisadiyyata da ciddi zərər vurur. Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev hesab edir ki, tıxaclar faiz göstəriciləri ilə deyil, itirilən vaxt və iqtisadi zərərlə ölçülməlidir.

Sherg.az xəbər verir ki, mütəxəssis açıqlamasında Kiyev təcrübəsini misal çəkib:

“Kiyev şəhərinin nəqliyyat monitorinqi ilə bağlı yayımladığı son hesabat diqqətimi çəkdi. Burada tıxacların qiymətləndirilməsi üçün maraqlı metodologiyadan istifadə olunur. Şəhərin əsas küçə və magistrallarında müəyyən edilmiş sabit marşrutlar üzrə hərəkət müddəti saatlıq ölçülür və sərbəst hərəkət şəraitində tələb olunan ideal vaxtla müqayisə edilir.

Kiyev nümunəsində diqqət çəkən göstəricilər belədir: həftəlik orta gecikmə 49,2 faiz, ən yüksək gecikmə cümə günü 67 faiz, ən aşağı gecikmə isə bazar günü 26 faiz təşkil edib. Beş iş günü ərzində ictimai və təcili nəqliyyat nəzərə alınmadan hesablanan iqtisadi itki 42,8 milyon qrivnadır”.

Mütəxəssis qeyd edib ki, belə bir yanaşma Bakı üçün də aktualdır:

“Hesab edirəm ki, paytaxtda tıxacların qiymətləndirilməsi yalnız avtomobillərin sayı və ya yolların doluluq səviyyəsi ilə məhdudlaşmamalıdır. Bunun üçün əsas küçə və magistrallar üzrə sabit monitorinq marşrutları müəyyən edilməli, GPS məlumatları əsasında hərəkət müddəti saatlıq izlənilməli, faktiki hərəkət vaxtı ilə sərbəst hərəkət şəraitində tələb olunan vaxt arasındakı fərq hesablanmalıdır.

Eyni zamanda, itirilən insan-saatları, əlavə yanacaq sərfiyyatı və iqtisadi zərər ölçülməli, nəticələr açıq rəqəmsal xəritə və statistik paneldə yayımlanmalıdır.

Xüsusilə vacib məqam ictimai nəqliyyatın da bu hesablamalara daxil edilməsidir. Tıxacda qalan avtobusda onlarla sərnişin ola bilər. Buna görə nəqliyyat itkilərini yalnız avtomobillərin gecikməsi ilə ölçmək düzgün deyil.

Tıxacın real qiyməti yolda qalan avtomobillərin sayı deyil, insanların itirdiyi vaxt və iqtisadiyyatın çəkdiyi zərərdir. Məqsəd tıxacın mövcudluğunu qeydə almaq yox, onun səbəblərini müəyyənləşdirmək, qəbul edilən qərarların effektivliyini ölçmək və görülən tədbirlərin nəticələrini rəqəmlərlə qiymətləndirmək olmalıdır”.