Bakıya giriş üçün tıxac vergisi tətbiq ediləcək? - EKSPERT RƏYİ

Hətta məbləği də deyirlər – 5 manat. Amma bu, təsdiqlənməmiş məlumatdır

Bakıya giriş üçün tıxac vergisi tətbiq ediləcəyi xəbəri yayılıb. Məlumata görə, bu məsələ müzakirə olunur. Bunu şəhərin ekoloji mühitini yaxşılaşdırmaq, eyni zamanda tıxacların qarşısını almaq məqsədilə tətbiq ediləcəyi, “tıxac vergisi”nin ilkin olaraq 5 manat təyin ediləcəyi bildirilir. Avropanın bəzi şəhərlərində bu təcrübədən istifadə edilir.    

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, tıxac vergisi yoxdur. Hətta məbləği də deyirlər – 5 manat. Amma bu, təsdiqlənməmiş məlumatdır: 

- Bakı şəhərində ödənşli zonalar olacaq, bu qərar verilib artıq, təqsdiqlənib artıq. Amma harada olacaq, necə tənzimlənəcək, hələ ki konkret layihə, proqram yoxdur.  Bu xəbərin mənbəyi də göstərilmir. 

Ekspert qeyd etdi ki, belə təcrübə var bir sıra ölkələrin müxtəlif şəhərlərində. Amma bu, tıxac vergisi adıyla həyata keçirilmir: 

- Şəhərlərin müəyyən ərazilərində ödənişli zonalar təşkil edilir, küçələr var ki ora giriş pulludur. Burada məqsəd şəhərin ekoloji şəraitini yaxşılaşdırmaq, havaya atılan zəhərli qazların miqdarını azaltmaq, həm də tıxacların qarşısını almaqdır. Avropada elə şəhərlər var ki dizel yanacağı ilə işləyən avtomobillər ümumiyyətlə şəhərə buraxılmır. Nə ödənişli, nə ödənişsiz, heç bir halda. Hər şəhərə uyğun qərarlar verilir. Bakı ilə bağlı hansı qərar veriləcək, hələ məlum deyil.