Ekspert: Fövqəladə vəziyyətlərə hazırlıq avtomobilin markasından daha önəmli rol oynayır

Rauf Ağamirzəyev: "Porsche", "Mercedes" və "Tesla"-nın yolda qalması texnologiyanın zəifliyi deyil...

 “Qafqazinfo.az” Şamaxıda çəkilən fotolara əsaslanaraq maraqlı bir hadisəni diqqətə çatdırıb.

Qarlı və çətin yol şəraitində müasir və bahalı "Porsche", son model "Mercedes" və "Tesla" hərəkəti davam etdirə bilməyərək yolda qalıb. Eyni şəraitdə isə təxminən 50 illik "Jiquli" (VAZ-01) isə heç bir problem yaşamadan yoluna davam edib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər müzakirələrə səbəb olub. İstifadəçilər bunu köhnə sovet avtomobillərinin sadə, lakin dözümlü texniki quruluşu ilə əlaqələndirir, müasir avtomobillərin isə texnologiyadan asılılığının çətin hava şəraitində risk yaratdığını qeyd edirlər.

Sözügedən fotolar bir daha yol və iqlim şəraitinə uyğun avtomobil seçiminin vacibliyini gündəmə gətirib.

Nəqliyyat məsələləri üzrə mütəxəssis, mühəndis Rauf Ağamirzəyev "Sherg.az" a açıqlamasında bildirib ki, Şamaxı şəhəri dəniz səviyyəsindən təxminən 714 metr yüksəklikdə yerləşir. Bu hündürlük daimi qar örtüyü zonası hesab olunmasa da, ərazi dağətəyi keçid zonası olduğundan burada qısa müddətli, lakin intensiv qar və buzlanma halları tez-tez müşahidə olunur:

"Müvafiq məlumatlara görə, Azərbaycanda qar örtüyü düzənlik ərazilərdə davamlı olmur və bəzi illərdə ümumiyyətlə qeydə alınmır. Ən qarlı ərazilər Böyük Qafqazın cənub yamaclarıdır. Dəniz səviyyəsindən 1200–1400 metr yüksəklikdən başlayaraq qar örtüyünün yaranma ehtimalı və qalınlığı kəskin artır. Orta dağlıq zonada qar örtüklü günlərin sayı 80–120 gün, yüksək dağlıq zonada isə 250 günə qədər çatır. Böyük Qafqazın ən uca zirvələrində isə qar örtüyü ilboyu qalır. Bu kontekstdə Şamaxıda müşahidə olunan vəziyyət yalnız avtomobilin texniki xüsusiyyətləri ilə izah olunmur. Burada sürücünün peşəkarlığı və iqlimə uyğun səfər planlaması da həlledici amildir. Marşrutun əvvəlcədən hava proqnozlarına əsasən seçilməsi, yolun relyefinin və riskli sahələrin nəzərə alınması, sürət rejiminin şəraitə uyğun tənzimlənməsi və fövqəladə vəziyyətlərə hazırlıq avtomobilin markasından daha önəmli rol oynayır".

R. Ağamirzəyevin sözlərinə görə, "Porsche", "Mercedes" və "Tesla"-nın yolda qalması texnologiyanın zəifliyi deyil, yol, iqlim və insan faktorunun düzgün uzlaşdırılmamasının nəticəsidir:

" 50 illik "VAZ-01"-in yoluna davam etməsi isə dağətəyi zonalarda sadə texnika + düzgün sürücülük + iqlimə uyğun planlama üçlüyünün üstünlüyünü açıq şəkildə nümayiş etdirir".