Millət vəkili Hikmət Babaoğlu istifadəsiz velosiped zolaqlarının yolların hərəkət hissəsini daraltdığını bildirib. Mlli Məclisdə çıxışı zamanı deputat bu məsələyə toxunaraq deyib ki, yol nişanlarının çəkilməsi və yeni velosiped yollarının salınması nəticəsində yolun hərəkət hissəsi daralır:“Buna ehtiyac varmı? Belə işlər yalnız lazım olan yerlərdə aparılmalıdır. Gəlin yoxlayaq, bu yollardan neçə nəfər istifadə edir. Əgər üç gün ərzində belə yoldan yalnız bir velosiped keçirsə, yol niyə daraldılır?”
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, mikromobillik şəhər üçün yenilikdir və zolaqlar şəbəkəsi formalaşır və bunun da birmənalı qarşılanmaması, yəni müqavimətin olması gözləniləndir:

- Çünki son 20 ildə əsasən avtomobil yönümlü qərarlar verilmişdir. Amma bu da fəsadlara - daha çox avtomobilləşmə və daha uzunmüddətli tıxaclara gətirib çıxardı. Ona görə də hazrıda insanyönümlü şəhərlər, yəni insan mərkəzli şəhərlərə keçid baş verir və bu keçid də mərhələlərlə icra olunan layihələrlə müşahidə olunur. İlkin hiss olunan ayrılmış avtobus və mikromobillik zolaqlarıdır. Zolaqlar şəbəkələşdikcə istifadəçi sayı artacaq. Artacaq deyirik, amma bu gün artıb artıq. Yəni skuter sürənlərin də sayı artıb, elektrik velospedlərdən və adi velospedlərdən istifadə edənlərin də. Bəli, müəyyən hava şəraitində digər nəqliyyat vasitələrində olduğu kimi say azala bilər. Bu da havaya bağlı məsələdir. Amma ümumi olaraq müxtəlif hərəkət vasitələrindən istifadə edənlərin sayı artıb və bir çoxları bu alternativ növü seçir. Bu yeni mikromobillik vasitələri, onların zolaq şəbəkəsinin birinci mərhələ üzrə əlaqələndirilməsi daha sürətli olmalıdır, yəni kəsintisiz olmalıdır. Vətəndaşın, deyək ki, şəhərin şərqindən qərbinə mərkəzi keçməklə və digər hissələrə rahat getmək imkanı olmalıdır. Yəni, nə qədər kəsintisiz olarsa, zəbt olunmaların qarşısı nə qədər sərt alınarsa, bir o qədər istifadəçilər etibar edər və istifadəçi sayı çoxalar. Ümumi olaraq tendensiya, düşünürəm ki yaxşıya doğrudur, yəni proqres var. Mən razı deyiləm ki, velosipedlər üçün ayrılmış zolaqlardan istifadə edən yoxdur. Ola bilər hansısa saatda bu zolaqlardan istifadə edən az olub və ya istifadə edənlər görünməyib, bu o demək deyil ki, ümumiyyətlə istifadə edən yoxdur. Yəni, bu proses mərhələ ilə artımla nəticələnəcək. Zatən hansı şərait yaradılırsa, ona meyl artır. 20 il bundan qabaq heç bu qədər avtomobil də yox idi. Avtomobillərin rahat hərəkəti üçün şərait yarandıqca, meyl daha da artdı. Amma mikromobilliklə avtomobili müqayisə etsək, avtomobilin tutduğu sahə və mikromobilliyin tutduğu sahə eyni deyil. Eyni zolaqdan daha səmərəli istifadə yönündən də baxsaq, mikromobillik daha effektivdir. Həm hərələt etdiyi zolaq eni, həm saxlama, parking məsələsi ilə. Bu tək Azərbaycanın seçdiyi bir yol deyil. Şəhərlərini mobillik prinsipləri əsasında, yenidən transformasiya edənlərin hamısı bu yolu keçir.