“Tarixi məkanlar insanlarla gözəldir, Türkiyə və Tbilisi modeli örnək ola bilər”
İçərişəhərdə yeni muzeylərin yaradılması planlaşdırılır. Bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2025-ci ildə 60-dan çox tədbir keçirilib, turistlərin sayında 5-10 faizlik artım qeydə alınıb. R.Mahmud İçərişəhərdə yeni muzeylərin yaradılmasının nəzərdə tutulduğunu da vurğulayıb. İçərişəhərdə panduslar quraşdırılıb, 12 evin dam örtüyü, 28 ünvanda mənzillər təmir olunub. R.Mahmud bildirib ki, İçərişəhərdə pandusların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir. Sədr qeyd edib ki, hazırda İçərişəhərdə 3 500-ə yaxın sakin yaşayır və hamı İçərişəhərin yaşayış şəhəri olmağa davam etməsinə çalışmalıdır: “Dünyada bir çox belə şəhərlər var ki, belə ərazilər muzeyə çevrilir, amma insanlar yaşamır. Belə olmasını istəmirik”. İçərişəhərin 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi hədəflənir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib ki, bu məqsəd İdarənin strateji inkişaf konsepsiyasında əsas hədəf kimi qeyd olunub: "Turizm sektorunda gəlir potensialının gücləndirilməsi, vahid tarif sistemi, dövlət-özəl tərəfdaşlığı, nağdsız dövriyyənin artırılması İdarənin iqtisadi inkişafı üçün müəyyən edilən hədəfləri sırasındadır. Eyni zamanda, İçərişəhərin büdcədənkənar gəlirlərini artıran və 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi hədəflənir". Aparat rəhbəri əlavə edib ki, görülən tədbirlər nəticəsində turist axınının artımı, mədəni layihələrə investisiyaların artırılması gözlənilir. O bildirib ki, hazırda İçərişəhərdə "Ağıllı Qoruq" modelinə keçid lazımdır.
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, İçərişəhər hazırda ölkəmizin ən əsas turizm məkanlarından biridir: 
- Tarixilik əcnəbiləri cəlb edir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu elan ediləndən orada çox işlər görülüb. Turistlərin marağını cəlb etmək, onların rahatlığının təmini əsas şərtdir. Bu baxımdan orada infrastrukturun təkimilləşməsi vacibdir. Hotellər, mehmanxanalar, qonaq evləri var, restoran-kafelər, xidmət sektoru fəaliyyət göstərir. Pandusların quraşdırılması da əsasdır. İçərişəhərdə piyadaların rahat hərəkəti təmin olunsun. Bunun üçün müəyyən işlər görülür. Lakin əsas məsələlərdən biri əhalinin orada yaşamasının təmin edilməsidir. İçərişəhəri cazibəli edən təkcə onun tarixi məkan olması deyil, həm də oranın yaşayış məskəni olmasıdır. Bu, məsələn, Türkiyədəki “Pəri bacaları” deyil ki, insansız sahə olsun. Tarixi məkanlar insanları ilə gözəldir və daha çox diqqət cəlb edir.
İqtisadçı vurğuladı ki, sakinlərin yaşayışının davam etməsi üçün bəzi proqramlar işlənib hazırlana bilər:
- Məsələn, yerli sakinlərə müəyyən maddi dəstək layihələri icra etmək olar, mənzillərindən gəlir əldə etmək üçün istifadə edə bilsinlər. Mənzillərin iaşə obyekti kimi fəaliyyət göstərməsi təmin edilə bilər. Qonşu Gürcüstanda Tbilisinin tarixi məhəllələrində yerli sakinlərə belə imkanlar yaradılıb. Güzəştli şərtlərlə maddi dəstək verməklə onları tarixi məhəllələrdə saxlayır, mənzillərini qonaq evi, kiçik yeməkxanaya çevirməklə turizm potensialının güclənməsinə kömək edirlər, özləri də qazanc əldə edir.