“Memar Əcəmi” stansiyasının daha bir keçidində təmir işlərinə başlanılır

"Bakı Metropoliteni"nin Yaşıl xətti üzrə yerləşən “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə start verilir.

Bu barədə Sherg.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, 1985-ci ildə istismara verilmiş stansiyanın sözügedən keçidində istismar müddətini başa vuran, eləcə də korroziyanın təsirlərinə məruz qalan kabançik tipli divar üzlükləri və döşəmə örtüyü yenilənəcək.

Təmir işləri çərçivəsində keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq. Divarlarda mövcud olan və texniki göstəricilərini qoruyub saxlayan mərmər üzlüklər isə olduğu kimi qalacaq.

Keçidin döşəməsində isə 370 kvadratmetr sahədə mozaika üzlük qranit materialla əvəz ediləcək.

Keçidin çıxışlarında və pilləkən başlarında əlavə təmir işləri nəzərdə tutulmasa da, təhlükəsizlik tələblərinin təmin olunması, eləcə də işlərin daha operativ və səmərəli aparılması məqsədilə stansiyanın 4-cü çıxışı müvəqqəti olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlı saxlanılacaq. Təmir müddətində keçidin özü isə yarısı açıq saxlanılmaqla qismən istifadəyə veriləcək.

Məlumata görə, təmir işlərinin ən qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, ötən ilin avqust ayında “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində yerləşən keçidi, eləcə də giriş-çıxışlarında əsaslı təmir işləri həyata keçirilmişdi.